“Mayın 11-də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır”.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva RePost.Az-ın sorğusuna cavab olaraq bildirib.
 
Qeyd edək ki, rəsmi məlumata əsasən, yanğın “EuroHome” tikinti materialları bazarında mayın 11-i gecə saatlarında baş verib.
 
Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub və qısa müddətdə məhdudlaşdırılaraq söndürülməsi təmin edilib.

Baxış sayı: 3808 | Tarix: 12.05.2020
Bizi Telegramda izləyin: @repostaz