Oktyabrın 10-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
 
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən RePost.Az-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb.
 
Nazir Azərbaycan ilə Ermənistan arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.
 
Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.
 
Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Baxış sayı: 2516 | Tarix: 10.10.2020
Bizi Telegramda izləyin: @repostaz