Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər əhaliyə müraciət edib.
 
RePost.Az-ın məlumatına görə, İsa Qəmbər müraciətində yazır ki, bir il əvvəl - 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirus bəlasının hər yeri bürüyüb pandemiyaya çevrildiyini elan edib: “Ötən müddətdə dünyada 118 milyon nəfərdən çox insan bu xəstəliyə yoluxub, 2,6 milyon nəfərdən çox insan ölüb, 21,7 milyon nəfərdən çox insan müalicə altındadır.
 
Azərbaycanda, rəsmi rəqəmlərə görə, 237735 yoluxma, 3257 ölüm qeydə alınıb, 4402 aktiv xəstə var. Yəni ölkəmizdə bu virusdan ölənlərin sayı 2020-ci ilin Vətən müharibəsi şəhidlərinin sayından çoxdur.
 
Kim nə deyir-desin, bu bəladan qurtarmağın yeganə yolu kütləvi peyvənddən keçir. Özünüzü, yaxınlarınızı, xalqımızı, bəşəriyyəti qorumaq üçün maska, sosial məsafə və digər vacib qaydalara əməl etməklə yanaşı ilk imkanda peyvəndlənin!”
 
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 219 ölkə və əraziyə yayılıb. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm həmin il martın 12-də qeydə alınıb.
 
Ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb. Son rəsmi məlumata görə, 428 min nəfərdən çox şəxs peyvəndlənmə prosesində iştirak edib.
 

Baxış sayı: 2801 | Tarix: 11.03.2021
Bizi Telegramda izləyin: @repostaz