"Prezidentin Zəngəzur və İrəvanla bağlı çıxışı çox məntiqlidir".
 
RePost.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
 
 
O bildirib ki, ermənilər Azərbaycan torpaqlarında yaşadıqları kimi, azərbaycanlılar da öz tarixi yurd-yuvalarına qayıtmalıdırlar:
 
"Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiylar açılır, qaçqınlar, köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. O bəyanatda belə bəndlər var. Kommunikasiyaların açılması o anlama gəlir ki, burada təkcə yüklərin daşınması yox, insanların da daşınması, gediş-gəlişi nəzərdə tutulur. Yaxşı, əgər yüklər daşınırsa, deməli insanlar da gedib gələ bilər. 
 
Ermənistnaın nəqliyyat infrastrukturuna baxsaq görə bilərik ki, Naxçıvandan İrəvan vasitəsi ilə Gümrüyə, sonra Gümrüdən Qarsa dəmiryolu var. Əgər bütün kommunikasiyalar açılacaqsa, deməli bu yol da işə düşə bilər. Yəni əslində, biz Naxçıvandan Qarsa İrəvan və Gümrü vasitəsi ilə gedə bilərik. Bunu edəcəyiksə, çox güman ki, vəziyyət tam normallaşsa soydaşlarımız ən azı İrəvana gedə bilərlər, orada qala bilərlər. 
 
 
Qaçqınlar, köçkünlər Dağlıq Qarabağa qayıtmalıdırlar. Düşünürəm ki, gələcəkdə vəziyyət normallaşsa, azərbaycanlılar Xocalıya, Xocavəndə, Xankəndinə qayıtmalıdırlar, orada yaşamalıdırlar. Həmçinin ermənilər də qayıda bilərlər Hadruta, digər yaşayış məntəqələrinə. Prezident İlham Əliyevin də dediyi kimi, əlbəttə, onlar Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan vətəndaşlığını qəbul edib qayıda bilərlər. Onlar daxili köçkünlərdir, qaçqın deyillər. Qaçqınların qayıtmasından söhbət gedirsə, o zaman 200 mindən çox azərbaycanlı qaçqın Ermənistanın tərkibində olan Zəngəzuru və digər əraziləri tərk etmək məcburiyyətində qalıblar. Yəni onların da haqqı var öz yurd-yuvalarına qayıtsınlar. Düzdür, ermənilər başqa məsələləri də qabardırlar ki, ermənilər Bakıda, Sumqayıtda və digər şəhər, rayonlarda yaşayırdılar.
 
 
Müharibə bir daha göstərdi ki, ermənilər hazırda da Azərbaycanda yaşayırlar. Hətta Ermənistan Gəncəni ballistik raketlərlə bombardıman edəndə bombalardan biri erməni qadının evinə düşdü. Ermənistanın keçmiş müdafiə nazirinin doğma bacısı (Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovan) Kürdəmirdə yaşayır. 
 
 
Zoya Arutyunovan
 
Ermənilər doğrudan da gələcəkdə vəziyyət normalaşandan sonra Azərbaycanın müxtəlif rayonlarında yaşamağa maraqlıdırlarsa, məncə problem olmaz. Azərbaycan vəsiqəsini daşısalar, Azərbaycan vətəndaşlığını və Azərbaycan dövlətinin ideoloji əsaslarını qəbul etsələr (məsələn, ərazi bütövlüyümüzü tanımaq) haçansa onlar da qayıda bilərlər. Yaxşı, onlar qayıda bilərlərsə, o zaman azərbaycanlılar da öz tarixi yurd-yuvalarına qayıda bilərlər. Azərbaycanlılar İrəvanda da, Zəngəzurda da, Göyçədə də, digər regionda da yaşaya bilərlər.
 
 
Bu, ümumi desək, sülh və barış planının mənzərəsidir. Düzdür, gələcəyin məsələsidir, amma bu ola bilər. Ona görə də düşünürəm ki, burada ziddiyətlər yoxdur. Ardıcıl olaraq, addım-addım biz bu məsələyə gəlməliyik. Sadəcə bunu qeyd etmək lazımdır ki, azərbaycanlılar artıq öz doğma yurd-yuvalarına qayıtmağa hazırdırlar, amma ermənilər azərbaycanlılarla birgə yaşamağa hazır deyillər. Yenə də Prezident öz çıxışında onu dedi ki, bu məsələdə prosesləri ləngidən Azərbaycan tərəfi deyil, Ermənistan tərəfidir. Biz davamlı sülh istəyirik, amma onlar istəmirlər. Onlar əhalisinin baş-beynini anti-Azərbaycan propoqandası ilə doldurublar, biz isə məsələyə başqa cür yanaşırıq. Bizim yanaşmamız ondan ibarətdir ki, bəli, biz öz doğma yurd-yuvalarımızda sərbəst şəkildə yaşamalıyıq". 
 
 
Xatırladaq ki, iki gün əvvəl ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Prezident İlham Əliyev çıxışı zamanı "Zəngəzur 1920-ci ilə qədər bizə məxsus idi. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm" fikirləri ilə diqqət mərkəzinə düşdü.

Baxış sayı: 2725 | Tarix: 15.04.2021
Bizi Telegramda izləyin: @repostaz