Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, Nərmin Quliyevanın bacısı Şəbnəm Quliyeva bildirib ki, 2019-cu il noyabrın 21-də bacısı itkin düşdüyü gün kənddə tanımadığı maşın və içərisində olan iki kişi yolda saxlayıb, ona da evlərinə aparmağı təklif edib. Lakin Ş.Quliyeva həmin şəxsləri tanımadığına görə maşına minməkdən imtina edib.
 
Şəbnəm Quliyevanın sözlərinə görə, bu hadisə sonra bacısının arxasınca əmisigilə gedib, onun orada olmadığını biləndən sonra öz evlərinə geri qayıdanda baş verib: “Həmin gün Nərmin dərsdən məndən tez gəlmişdi. Atam gödəkçəni əmimgilə aparmağımızı, əvəzində başqa gödəkçəni gətirməyimizi istədi. Günorta saat 2-3 arası olardı. Mənim dərslərim vardı deyə Nərminə dedim ki, o getsin. 1-2 saat keçdi, Nərmin qayıtmadı. Atam məni də onun arxasınca göndərdi. Əmimgilə getdim, dedilər ki, Nərmin 1 saat olar gedib. Qayıdanda yolda bir sarı taksi dayandı, içində iki nəfər vardı. Mənə dedilər ki, “otur, aparaq səni”. Tanımırdım deyə getmədim. Mən kənd adamlarının əksəriyyətini üzdən tanıyıram. Bir az sonra qonşumuz maşını saxladı, ailəsi də içində idi, onlarla getdim”.
 
Şəbnəm Quliyeva deyir ki, bu məsələni bacısı itkin düşdüyü vaxt polisə də deyiblər. Polis şöbəsində ona 5 nəfərə yaxın adam və maşınlar göstərib, hadisə günü ona evlərinə aparmağı təklif edən avtomobil olub-olmadığını soruşublar: “O adamların üzü yadımda qalmışdı. Onlar deyildi...”
 
Bacısı ifadəsində onu da bildirib ki, Nərmin itkin düşən gün onun əmisigildən çıxdığını paralel sinifdə oxuyan iki nəfər – Şəms və Sevinc də görüb.
 
Şəbnəmin sözlərinə görə, Nərmin itkin düşdüyü gün atası ilə birlikdə qonşu kəndə qohumlarının toy öncəsi təşkil etdiyi “ciyəraxşamına” getməliydi. Lakin Nərmin gəlib çıxmadığına görə həmin axşam atası ora tək gedib: “Getdim, gördüm ki, əmimgildə də yoxdur, ata nənəmgildə də. Fikirləşdik ki, yəqin, ana nənəmgilə gedib”.
 
Təqsirləndirilən İlkin Süleymanovun atasının sinif yoldaşı olduğunu deyən Şəbnəmin sözlərinə görə, bu ailə ilə münasibətləri yaxşı olub: “Bir neçə dəfə bizə kitablar da verib. Nərmin və mən İlkini tanıyırdıq, balaca bacım yox. İlkinin ailəsi tərəvəz satırdı, ona görə onlara gedirdik. İlkinin özü ilə salamlaşırdıq, qaraqabaq adam idi. Amma anası ilə münasibətlərimiz yaxşı idi. Nərmin yerli kanallardan “Mədəniyyət”ə, futbola görə “İdman”a baxırdı. Türk kanallarına da baxırdı”.
 
Məhkəmə prosesi noyabrın 17-nə qədər təxirə salınıb.
 
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
 
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
 
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
 
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
 
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Baxış sayı: 3770 | Tarix: 04.11.2021
Bizi Telegramda izləyin: @repostaz