Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
 
APA-nın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
 
Prokuror ittiham aktını elan edib.
 
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
 
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirdikləri “TM 62-M” və “E-00-M” tipli, ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
 
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.
 
Hakim bildirib ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər maddələr üzrə 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.
 
Məhkəmədə şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib. O bildirib ki, 27 may 2021-ci ildə Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisində döyüş mövqeyində xidmət apararkən gecə saatlarında düşmənin üzbəüz mövqeyində fəallıq aşkar olunduğu barədə məlumat alıblar: “Bütün mövqelərə gücləndirmə verdik. Xəbər verdilər ki, həmin döyüş mövqeyindən sol cinahından düşmənin 6-8 hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir. Tam müşahidə götürdük və gecə görmə cihazları ilə onların hərəkətini izlədik. Səhər 3-5 radələrində düşmən təminat yollarımız tərəf irəliləyirdi. Düşmən tank əleyhinə 4 mina, piyada əleyhinə 20 mina basdırmaq istəyirdi. Əməliyyat keçirdik və onları tərksilah etdik. Onların məqsədi bizim döyüş mövqeyimizə gedən təminat yollarımızı minalamaq idi".
 
Şahid qismində dindirilən digər zabit Hüseyn Həsənov bildirib ki, mayın 27-də döyüş mövqelərindən qərargaha məlumat daxil olub: "Dedilər ki, erməni diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Müşahidə apardıq, onların içəriyə qədər irəliləməsinə imkan verdik. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik. Düşmənin diversiya qüvvələri iş başında aşkar edildi və tərksilah olundu. Üzərilərində silahlar və minalar aşkar edildi. Əraziləri yoxladıq, məlum oldu 3 döyüş mövqeyimizə gedən təminat yollarına artıq mina düzüblər. Minalar zərərsizləşdirildi. Saxladığımız şəxsləri də aidiyyəti üzrə təhvil verdik. Bunlar dövlət sərhədindən 150-200 metr bizim ərazimizə daxil olaraq minalamağa cəhd göstəriblər".
 
Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində Ermənistanın xüsusi təyinatlı hərbi hissəsində xidmət etdiyini və mayın 24-də komandanlıqdan əmr gəldiyini deyib: “Həmin gün Sisyan rayonuna göndərildim. Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkəçər ərazisinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatını aparım, yolu minalamaq lazımdır. İşimizi görüb qurtaranda Azərbaycan əsgərləri gəldi. Bəziləri geri qayıda bildi, biz isə təslim olduq".
 
Təqsirləndirilən şəxs Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı döyüş tapşırığı aldıqlarını etiraf edib: "Tovuz döyüşləri zamanı bu cür döyüş tapşırığı olub. Mərkəzi qərargahdan əmr gəlmişdi ki, o ərazinin kəşfiyyatını aparaq. Neft kəmərinin partladılması əmri ilə bağlı mən xəritədə Azərbaycan Ordusunun mövqelərini qeyd etmişdim və əraziləri hesablamışdım. Mən Ermənistan tərəfində oranı müşahidə etmişəm. Xəritələrdə, sənədlərdə qeydlər aparıb, aidiyyəti üzrə təhvil vermişəm".
 
Digər təqsirləndirilən Vladimir Rafaelyan mayın 26-da komandirlərlə birlikdə Basarkeçərə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. Mənim rəhbərim İşxan təyin edildi. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina apardıq. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. İşxanın dalınca gedirdik. Minaları basdırmaq barədə İşxandan əmr aldıq. Minaları basdıranda Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı. Tərksilah edildik və təslim olduq".
 
Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.
 
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir.

Baxış sayı: 1794 | Tarix: 10.01.2022
Bizi Telegramda izləyin: @repostaz