Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb. Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.
 
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
 
Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Baxış sayı: 1699 | Tarix: 10.01.2022
Bizi Telegramda izləyin: @repostaz