Prezident İlham Əliyev Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
RePost.Az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif ediləcəklər.
 
Həmin şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilib.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncama uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən edəcək:
 
- “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;
 
- əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar.

Baxış sayı: 5480 | Tarix: 10.02.2022
Bizi Telegramda izləyin: @repostaz