Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) ilə bu il İtaliyaya ötən illə müqayisədə 1 mlrd. kubmetr çox qaz nəql ediləcək.
 
"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) bildirib.
 
Onun sözlərinə görə, bir həftə ərzində TAP kəməri ilə 175 mln. kubmetr qaz nəql edilib: "Biz boru kəmərinin maksimum gücündən istifadə etməyə doğru irəliləyirik".
 
TAP konsorsiumu daha öncə xəbər verib ki, ötən il kəmər vasitəsi ilə 8,1 mlrd. kubmetr qaz nəql edilib, bunun 6,8 mlrd. kubmetrindən çoxu İtaliyaya tədarük edilib.
 
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Baxış sayı: 3504 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz