Daxili İşlər Nazirliyi (DİN) siyasi fəal Bəxtiyar Hacıyevin iddialarına münasibət bildirib.
 
DİN mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov RePost.Az-a bildirilib ki, keçən ilin iyul ayında Bakı şəhər sakinləri Bəxtiyar Hacıyev və tanışı Ülviyyə Muradova qarşılıqlı ərizə ilə Yasamal Rayon Polis idarəsinə şikayət edib:
 
"Onların müraciətləri araşdırıldı və müəyyən edildi ki, Bəxtiyar Hacıyev pişiyinin Ülviyyə Muradovanın pişiyi ilə cütləşməsindən doğulacaq balalardan birini Ülviyyə Muradovaya verməyi vəd etsə də, sonradan o vədinə əməl etmədiyindən tərəflər arasında narazılıq yaranıb. Bundan sonra Ülviyyə Muradova sosial şəbəkədə bu məsələ ilə əlaqədar paylaşımlar etdiyindən Bəxtiyar Hacıyev onun evinə gedərək mübahisə yaradıb.
Tərəflərin şikayətləri araşdırılıb və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilib. Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması, vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunub".
 
DİN rəsmisi qeyd edib ki, bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də keçirilən məhkəmə iclasında fasilə zamanı B.Hacıyev Ü.Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaratmış, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ü.Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq edib. (Bununla bağlı video əlavə olunub)
 
Fakta görə Yasamal RPİ-də CM-nin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək.

Baxış sayı: 3884 | Tarix: 10.03.2022
Bizi Telegramda izləyin: @repostaz