Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri illik müqayisədə 11,9% artıb. Qiymətlərin ortaillik artımı isə 12,2% təşkil edib.
 
"APA-Economics"in Azərbaycan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, aylıq inflyasiya 1,1%-ə bərabər olub.
 
Yanvarda ölkədə illik inflyasiya 12,5%, aylıq qiymət artımı isə 1,6% təşkil etmişdi. Beləliklə, fevralda illik inflyasiya 0,6 faiz bəndi, aylıq inflyasiya isə 0,5 faiz bəndi yavaşlayıb. Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda illik inflyasiyanın yavaşlaması ötən ilin iyun ayında qeydə alınıb – həmin ay ölkədə inflyasiya 4,9%-dən 4,7%-ə enib. Ötən ilin iyun ayında bəri illik inflyasiya stabil olaraq sürətlənib.
 
Fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatları illik müqayisədə 17,2% artıb ki, bu da yanvarda qeydə alınan illik artımdan 0,1 faiz bəndi çoxdur. Qida məhsullarının illik inflyasiyası 17,5% təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə dəyişməz olaraq qalıb. Ödənişli xidmətlərində inflyasiyası yavaşlayıb və yanvarda olan 11,1%-dən fevralda 9,3%-ə enib.
 
Aylıq qiymət dəyişikliklərinə fikir verdikdə, qida məhsulları təkcə fevralda 2,2% bahalaşıb. Yanvarda bu göstərici 2,6%-ə bərabər idi.
 
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
 
Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.
 

Baxış sayı: 3998 | Tarix: 11.03.2022
Bizi Telegramda izləyin: @repostaz