“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının ciddi şəkildə icra olunması vacibdir. Bu bizim ümumi fikrimizdir”.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, erməni həmkarı ilə görüşdə Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işi mövzusuna baxılıb: “Öz tərəfimizdən biz Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazır olduğumuzu təsdiqlədik”.
 
Lavrov ölkəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışladığını vurğulayıb: “Ankara-İrəvan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşmasına kömək etməlidir. Bu müstəvidə bizim ümumi fikrimiz “3+3” regional platformasının ritmik işini təmin etməyin vacibliyidir. Bu, region ölkələri və onların qonşuları arasında dialoqun qurulması və çoxplanlı əməkdaşlığının inkişafı üçün vacib əlavə kanaldır”.

Baxış sayı: 3219 | Tarix: 09.06.2022
Bizi Telegramda izləyin: @repostaz