Əli Kərimlinin sözünün canı odur ki, ABŞ Konqresinin alt palatasının 82 yaşlı sədri Nensi Pelosinin İrəvana gəlişi demokratiyaya dəstək məqsədi daşıyır. Bundan sonra ABŞ Ermənistana maddi dəstək də vercək, bu ölkəni ən müasir silahlarla təchiz edəcək. Azərbaycan diktatorlar klubundadır, Ermənistan isə demokratik dünyaya qovuşur. və.s.
 
Əli Kərimli düzmü deyir? Bəli, Azərbaycan demokratiya baxımından Gürcüstan və Ermənistandan kəskin şəkildə geridə qalır. Bu, birmənalıdır. ABŞ Ermənistana demokratik gəlişmələrdən, yəni Nikol Paşinyan iqtidara gəldikdən sonramı dəstək verir? Əlbəttə ki, yox.  Robert Köçəryan və Serj Sarkisyan kimi qaniçən faşistlər də iqtidarda olanda ABŞ Ermənistanın yanında idi. Bəli, demokratiya məsələsi önəmlidir, ancaq ABŞ Ermənistana demokratik dəyələr çərçivəsində qiymət vermir. Nəzəri baxımdan deyirəm, Nikol Paşinyan devrilsə və yerinə revanşist xislətli biri gəlsə, ABŞ yenə Ermənistanın yanında olacaq. Azərbaycan xalqı bu kimi sadə həqiqətəri bilməlidir. Xalqımız bilməlidir ki, ABŞ (+Fransa) niyə Minsk Qrupunun bərpa olunmasında təkid edir. Niyə Brüsseldə gedən danışqlarla ABŞ razılaşmır? Çünki Brüsseldə Dağlıq Qarabağa heç bir status tanınmır. ATƏT-ın Minsk Qrupunda isə Dağlıq Qarabağa muxtariyyat hüququnun verilməsi qaçılmaz olacaq. Çünki ABŞ və Fransa bu işdə təkid edəcək. Azərbaycan müxalifəti bunları bilmirmi? Bilir. Bəs nədən ABŞ və Fransaya Minsk Qrupunu bərpa etmək istəyinə görə etiraz etmir? Problem bax bundadır. Ona görə mən deyirəm ki, bizim müxalifət milli mövqeydə deyil...
 
Nensi Pelosinin İrəvana gəlişi ciddi hadisədir. Ancaq bu gəlişin miqyasını bu qədər şişirtməyə də dəyməz. Yadınıza salıram. 2005-ci ildə Corc (oğul) Buş Gürcüstana gəlmişdi. Ancaq Gürcüstan hələ də Rusiyanın təsiri altındadır.
 
Bir haşiyə çıxım: 10 may tarixində Corc Buş və Mixail Saakaşvili Tiflisdəki Azadlıq Meydanında xalqın qarşısına çıxdı. 1978-ci il doğumlu Vladimir Artyunyan adlı erməni əsilli Gürcüstan vətəndaşı o vaxt prezidentlər üçün quraşdırılmış kürsüyə qumbara atdı. Qumbara döyüş vəziyyətinə gətirilsə də partlamadı, çünki maskalamaq məqsədi ilə qumbara qırmızı bir dəsmal ilə möhkəm sarılmışdı və bu, qumbaranın işə salınmasının qarşısını aldı. Qumbara 10 yaşlı bir qızın başına dəyərək onu yaraladı...
 
 Amerika Federal Təhqiqatlar Bürosu (FTB)  20 iyulda Tiflisdəki Vaşlijvari bölgəsindəki evin yaxınlığında edilən xüsusi əməliyyat zamanı erməni terrorçusunu tutdu. Cinayətkar ömürlük həbs cəzası aldı.
 
Düşünün ki, bu terroru bir azərbaycanlı həyata keçirsəydi bütün dünya bar-bar bağıraraq Azərbaycanı terrorçu dövlət kimi suçlayacaqdı. Ancaq Qərb beynəlxalq səviyyədə tanınan 13 erməni terror təşkilatına elə bir təzyiq göstərmir də. Belə şeyləri necə görməmək olar? 
Yeri gəlmişkən, o vaxt prezident Buş demişdi ki, Cənubi Osetiya və Abxaziya bölgələri Gürcüstanın tərkib hissəsi kimi qalmalıdır. Ancaq nədənsə ABŞ-ın heç bir prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qalması haqqında bir kəlmə də demiyib. Yəni ABŞ (bütövlükdə Qərb) Grcüstanda (elə Ukrayna və Moldovada da) separtizmin əleyhinə olub. Azərbaycana gələndə isə ağızlarına sua alıblar. Üstəlik, gizli və aşkar şəkildə erməni sepatizminə dəstək veriblər.
 
Bizim müxalifət də bunları bilir. Ancaq ABŞ-ın hakim dairələri ilə ünsiyyətdə olanda belə şeyləri açıb-ağartmıllar.
 
Deməli, ABŞ-ın iki əsas düşməni var: Rusiya və İran. Ermənistan bu ölkələrin ikisi ilə də son dərəcə yaxındır. Bu barədə mən elə ABŞ mətbuatında da dəfələrlə oxumuşam. Bəzi amerikalı analitiklər deyir ki, biz Amerikanın düşmənləri ilə dost olan Ermənistana niyə kömək etməliyik... 
Mənm baxışıma görə, Amerikanın Nensi gedişi Ermənistana ciddi problemlər yaşadacaq. Ermənistanın İran və Rusiya ilə münasibətləri gərginləşəcək. Xüsusən, Rusiya bu məsələni boş buraxmayacaq...
 
Sonda bir daha Əli bəyin dediklərinə qayıdıram. Azərbaycana demokratiya hava və su kimi lazımdır. Biz Azərbaycana ona görə demokratiya istəmirik ki, ABŞ və ya Avropa Birliyinin xoşuna gələk. Mən əminəm ki, Azərbaycan demokratik ölkə də olsa ABŞ və Avropa Birliyi Ermənistın yanında olacaq. Niyə? Deyim, Qərb mətbiatını oxuyanlar görür. Məqalələrin əksəriyyətində bir fikir qırmızı xətlə keçir: "ilk xristian ölkəsi olan Ermənistanla müsəlma (son zamanlar+türk də yazırlar) ölkəsi olan Azərbaycan arasında gedən mühaibə"... Yəni Qərbin Ermənistan-Azərbaycan müharibəsinə münasibəti demokratik dəyərlər müstəvisində deyil, dini müstəvidədir. Düzdür, Qərb bunu etiraf etmir, ancaq bu, nəyi dəyişir ki...
 
Azərbaycan xalqı, hər birimiz ölkəmizin demokratik bir məmləkətə çevirilməyi uğrunda mübarizə aparmalıdır. Demokratiya niyə bizə lazımdır? Çünki demokratiya xalq hakimiyyəti deməkdir. Yəni iqtidarı xalq formalaşdırır. Belə olduqda isə iqtidar xalqın qarşısında hesabat verməli olur. Azərbaycanda baş alıb gedən korrupsiyanın, seçki saxtakarlığının, siyasi həbslərin... qarşısını birdəfəlik almaq üçün də demokratiya son dərəcə önəmlidir....

Baxış sayı: 2212 | Tarix: 18.09.2022
Bizi Telegramda izləyin: @repostaz