Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yeni cinayət işi başlanıb.
 
APA xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
 
Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək xəsarət yetirməkdə ittiham olunur.
 
Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
 
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
 
VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Baxış sayı: 1775 | Tarix: 19.09.2022
Bizi Telegramda izləyin: @repostaz