“Xural” internet televiziyasının baş direktoru, jurnalist Əvəz Zeynallı barəsindəki cinayət işi üzrə bir nəfər axtarışa verilib.
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
 
Xəbərə görə, vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Rəhimov Teymur Sabir oğlu qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
 
İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Baxış sayı: 5689 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz