Dördüncü Brüssel görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülhlə bağlı müsbət gözləntilər xeyli artsa da Rusiyanın Xarkovdakı uğursuz əməliyyatları və geri çəkilməsi həm Ermənistan hərbi-siyasi rəhbərliyinin, həm də ABŞ və Fransanın Cənubi Qafqazda manevr imkanlarını xeyli artırdı.

Öncə Nikol Paşinyan Fransaya gedərək Emanuel Makronla görüşdü. Erməni baş nazir Fransa prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında "Azərbaycan silahlı qüvvələrini Ermənistan "ərazisindən"çıxarmalıdır" tələbi ilə çıxış etməsi, bu ölkənin ritorikasından əl çəkmək niyyətində olmadığını yenidən nümayiş etdirdi.

Belə bir bəyanat səsləndirən Paşinyana deyən olmadı ki, bəs Qarabağdakı qanunsuz silahlı erməni birləşmələri niyə 2 ildir hələ də çıxarılmır?

Ermənistan dövlət başçısının "Azərbaycanın "hərəkətləri" səbəbindən regionda vəziyyət gərgin olaraq qalır" kimi sərsəm açıqlaması isə şübhəsiz ki, dünyanın diqqətini bölgədəki gərgin vəziyyətə yönləndirərək dünya güclərini Azərbaycana qarşı qaldırmaq məqsədi güdür. 

Paşinyanın bu görüş əsnasında sərhəd bölgəsinə beynəlxalq müşahidə missiyasının göndərilməsini təklif etməsi isə Rusiyanın bostanına növbəti dəfə daş atmaq, onun bölgədəki mövqeyini sarsıtmaq üçün Moskvaya xəyanətinin növbəti mərhələsi də adlandırmaq olar.

Ardınca iki ölkənin (Ermənistan-Fransa) müdafiə nazirlərinin Parisdə görüşü baş tutub. Fransa MN sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcəyini bəyan edib. Göründüyü kimi sanki hər şey öncədən bu dövlətlər arasında hazırlanmış plan üzrə cərəyan edir. Edilən açıqlamalardakı, verilən qərarlardakı eynilik Fransanın Rusiyanı bölgədəki sülhməramlı missiyasını sıxışdırıb çıxararaq yerinə öz qüvvələrini cəlb etmək məqsədlərindən xəbər verir.

Elə bu məqamda ABŞ-ın ermənipərəst konqresmeni Ceki Speyer Azərbaycana qarşı sanksiya tətbiq edilməsi ilə bağlı ABŞ senatına qətnamə göndərib. Qətnamədə Azərbaycanın ABŞ hərbi yardımından məhrum edilməsi nəzərdə tutulub. Speyer kimi bir çox konqresmenin erməni lobbisinin təsiri ilə belə addım atdığı sirr deyil. Amma hər gün rəsmi Bakı əleyhiunə bu cür fikirlərin Qərb dairələrində artması, Azərbaycanı hədəf göstərən bəyanatların çoxluğu narahtlıq verməyə başlayır. 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Net Brays da bitərəfli mövqe nümayiş etdirərək ermənipərəst mövqeyi ilə diqqət mərkəzinə düşüb. O, Entoni Blinkenin vasitəçiliyi ilə Ararat Mirzoyanla Ceyhun Bayramov arasındakı görüşü şərh edərkən bildirib:

"Görüş zamanı tərəflər irəliyə doğru ən yaxşı yolu müzakirə ediblər. Dövlət katibi tərəfləri ayın sonuna qədər sülh prosesinin əsaslə şəkildə irəliləməsi dair fikir mübadiləsi aparmağa dəvət edib. 

Bizim mesajımız aydın idi. Biz Azərbaycanı qoşunları ilkin mövqelərinə qaytarmağa çağırırıq, Azərbaycandan hərbi qüvvələrinin o ərazilərdən çıxarılmasını tələb edirik və Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq. Gücdən istifadə məqbul variant deyil". 

ABŞ Dövlət Departamenti rəsmisinin açıqlamasına diqqət yetirdikdə bir məsələ xüsusilə nəzərdən qaçmır: ABŞ rəsmisi Azərbaycanın Ermənistan ərazisinə təcavüzü ilə bağlı bir kəlmə belə işlətmir. Belə görünür ki, Brays Azərbaycanı "işğalda" ittiham etməyə ehtiyat edib. Çünki heç bir əsasları olmadığını gözəl anlayır.

Belə anlaşılır ki, ABŞ Azərbaycan Prezidentinin sərhədlərin delimitasiyası ilə bağlı xərtilər məsələsinə görə səsləndirdiyi bəyanatı çox diqqətlə dinləyib və rəsmi Bakının əlində olduqca mühim faktların olduğuna şübhə etmir. 

Lakin ABŞ rəsmilərinin Ermənistanla Azərbaycan arasındakı son proseslərə qərəzli mövqeləri bir daha deməyə əsas verir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfəri və Azərbaycan əleyhinə qərəzli ittihamlar, verdiyi bəyanatlar birbaşa olaraq rəsmi Vaşinqtonun mövqeyini əks etdirir.

Bu bəyanatlardan sonra çox keçmir Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "UL-350" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunur.

Bütün bunlar bir daha deməyə əsas yaradır ki, Ermənistan yeni eskalasiyalar üçün kəşfiyyat aparmaq, sərhəddəki son yerdəyişmələri yenidən gözdən keçirmək niyyətindədir. 

Bunlar azmış kimi biz son günlər istər Nikol Paşinyanın, istərsə də rəsmi İrəvanın digər dövlət və siyasət adamlarının ritorikalarında yenidən revanş çağırışlarını, "mənəm-mənəmliyi" açıq-aydın hiss edə bilərik. 

 
 
 
Ad - 00:13
 

 

Məsələn Nikol Paşinyan parlamentdəki son çıxışında bildirib: "Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız?

Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır.

Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü nəzəri deyil, praktik tanısa, - 29 min 800 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü nəzərdə tuturam, - bu o deməkdir ki, sülh sazişini imzalaya bilərik".

Belə görünür ki, Qərb və ABŞ Ermənistana dəstək verəcəkləri ilə bağlı müəyyən vədlər veriblər. Amma istər Ermənistan baş nazirinin növbəti dikbaşlılığına, istərsə də onlara havadarlqı edən qüvvələrin heç bir əsası olmayan Azərbaycan əleyhinə bəyanatlarına İlham Əliyev növbəti kəsərli və faktlara əsaslanan İrəvanda sillə effekti verən cavabı ilə diqqət mərkəzinə düşdü.

İlham Əliyevin bu xəbərdarlığını isə belə çıxır ki, Ermənistanda ən düzgün anlayan bu ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyan oldu. Düşmən də olsa qeyd etməliyik ki, bu zamana kimi ən adekvat Ermənistan prezidenti kimi diqqət çəkən bu ölkənin birinci dövlət başçısı Levon Ter-Petrosyan növbəti açıqlaması ilə Ermənistanı yaranan vəziyyəti düzgün təhlil etməyə çağırıb.

İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə Azərbaycanın şərtlərinin qəbul olunmasının vacibliyini qeyd edən Ter-Petrosyan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı bu dəfə Ermənistanın tamamilə dalana dirəndiyini, erməni cəmiyyətinə bir daha Türkiyə və Azərbaycanla təcili sülh müqaviləsi imzalanmalı olduğunu çatdırıb:

"Bizi qarşıda çətin qərarlar gözləyir. Həm Azərbaycan, həm də Türkiyə ilə razılaşmalar imzalanmalıdır. Buna bizi məcbur edirlər. Əgər bu gün az-çox məqbul həll yolu hələ də mümkündürsə, daxili ixtişaşları davam etdirsək, bizi daha pis vəziyyət gözləyir. Proseslər daha 6 ay belə davam etsə, Ermənistan qalmayacaq"

Ermənistanın birinci prezidenti müsahibəsi zamanı ölkəsinin manevr imkanlarının demək olar ki, qalmadığını, Rusiya-Ukrayan müharibəsinə görə ölkəsi üçün böyük təhlükə yarandığını bildirib:

"Ermənistan artıq Qarabağ məsələsində ciddi rol oynamır, onun səsvermə hüququ yoxdur. ABŞ isə vəziyyəti daha da qəlizləşdirməməlidir. Hazırda bizim üçün az-çox bir məqbul həll yoluna gəlmək imkanı var. Ukrayna ilə müharibədən əvvəl Qarabağ məsələsinin həllinin açarı Rusiyanın əlində idi. İndi Rusiyanın o qədər problemi var ki, bu açar da tezliklə itiriləcək".

Ermənistanın birinci prezidenti erməni cəmiyyətini ümumi konsensus tapmağa və ən az ağrılı olacaq sazişlə razılaşmağa çağırıb. Xatırladım ki, hələ 44 günlük müharibədən öncə Levon ter-Petrosyan Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə çağırırdı. Eks-prezident çox güman ki, "ən az ağrılı nəticə" dedikdə rəsmi Bakının İrəvana təqdim etdiyi 5 maddəlik sülh paketini nəzərdə tutur.

Bu sülh paketində Ermənistandan Qarabağın Azərbaycan ərazisi, onun suveren Azərbaycan torpağı olduğunu tanıması və qarşılıqlı şəkildə bu məsələnin icrası nəticəsində sülh sazişinin imzalanması nəzərdə tutulur. Ermənistan bunun əksini icra etməyə çalışarsa, Azərbaycan tarixi torpaqları olan Zəngəzur barədə iddiaları ortaya ata bilər. Belə görünür ki, Ter-Petrosyan Ermənistanın indiki rəhbərliyinə elə məhz bunu nəzərdə tutub belə bir müraciət edir.

O, "çoxu istədiyiniz halda azdan da olacaqsınız" mesajı verməklə Nikol Paşinyana və erməni cəmiyyətinə bu şərtlə razılaşmayacaqları təqdirdə Azərbaycanın hüquqi olaraq varisi olduğu Xalq Cümhuriyyəti (AXC) xəritəsinə müvafiq olaraq sərhədlərinin bərpası tələbi ilə çıxış edəcəyi halda İrəvan üçün ən qorxulu ssenarinin başlanğıcının qaçılmaz olacağı xəbərdarlığını etmiş olub.

Ter-Petrosyanın birdən-birə efirdə ölkəsini təcili razılaşmaya çağırması bir sıra maraqlı məqamlar ortaya çıxarır. Ola bilər ki, Nikol Paşinyan höküməti özü birbaşa xalqa deməyə cəsarət etmədiyi reallıqları öz müəllimi vasitəsilə ictimaiyyətə çatdırmaq qərarına gəlib. Hətta Nikolun son "cəsarətli" açıqlamaları da daxili auditoriya üçün hesablanmış sayıla bilər. Sərhəddəki son gərginliklərdən sonra Ermənistandakı Paşinyan əleyhdarlarının yenidən fəallaşması onu buna çox ehtiyacının olduğu zərurətini ortaya çıxarır. 

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindən sonra etdiyi çıxışda səsləndirdiyi "Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır" fikirlər Azərbaycana qarayaxmağa, onu ittiham etməyə çalışan qüvvələrin ağzına atılan bir sümük effekti verdi. 

Dövlət başçısının bu çıxışından bir daha aydın olur ki, Azərbaycan heç bir vasitəçi olmadan Ermənistanla delimitasiya prosesinə başlaya bilər və Bakının əlində prosesin sürətli, həmçinin dəqiq aparılması üçün çox əsaslı xəritələr mövcuddur və delimitasiya prosesinin əsasını məhz həmin xəritələr təşkil edəcək. Ermənistanın növbəti hər yeni eskalasiya cəhdi isə Azərbaycanın birtərəfli şəkildə delimitasiya prosesini Ordusu hesabına daha sürətli şəkildə icra etməsi ilə nəticələnə bilər. 

Təhməz Əsədov
Milli.Az


Baxış sayı: 3390 | Tarix: 28.09.2022
Bizi Telegramda izləyin: @repostaz