2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
 
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
 
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
 
Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi tviter səhifəsində bildirib.
 
2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.
 
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
 
Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.
 
On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 3447 | Tarix: 18.10.2022
Bizi Telegramda izləyin: @repostaz