“Fransanın Azərbaycana qarşı düşmənçilik və ermənipərəst mövqeyini 50 milyonluq dünya azərbaycanlıları qətiyyətlə pisləyir və rədd edir”.
 
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
 
Deputat bildirib ki, Fransa Senatının dünən açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirərək qəbul etdiyi qətnamə bir daha onu göstərir ki, Fransa yenə də Azərbaycana qarşı siyasətini davam etdirir: “Bu qətnamə bütövlükdə Avropa İttifaqının dəyərlərinin əksinə gedir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistanın təcavüzkar olması ilə bağlı 4 qətnaməyə özü də səs verib. İkincisi, bu gün Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaş sayır, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Qətnamədə Azərbaycanı təcavüzkar kimi qələmə verirlər. İllərdir cinayətlər törədən bir ölkənin, Fransanın Azərbaycanı belə ittiham etməsi yersizdir. Ermənilər Xocalı soyqırımını törədib. Buradan aydın olur ki, Fransa özü Xocalı soyqırımına dəstək verib. Digər tərəfdən, Azərbaycanı Avropa Şurasından, Türkiyəni NATO-dan xaric edilməsini təklif edirlər. Prezident İlham Əliyevin dediyi kimi, getsinlər, aynaya baxsınlar. Görəcəklər ki, onlar nə qədər cılızdırlar”.
 
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli hesab edir ki, Fransanın hərəkətləri səlib yürüşlərinin davamıdır. Deputat Fransanın düşmən dövlət elan olunmasını təklif edib: “Düşmənçiliyin bundan artıq səviyyəsi olmaz. Bunlar türklərə, müsəlman xalqlarına açıq nifrət edirlər. İkinci təklifim ondan ibarətdir ki, Fransadakı səfirimiz geri çağırılsın. Burada olan Fransa səfirliyi əməkdaşları “persona non qrata” elan olunsun. Üçüncü, biz Fransanın Əlcəzairdə soyqırımı törətməsi ilə bağlı qətnamə qəbul edək”.
 
Deputat Naqif Həmzəyev qeyd edib ki, Fransa Senatı ötən gün qərəzli, bədnam qətnamə qəbul edərək ermənilərə dəstəklərini nümayiş etdiriblər: “Fransa Senatında ermənidən də böyük erməni olan bu şəxslər, siyasi qüvvələr var. Makron hökuməti sırf öz korporativ siyasi maraqlarına görə erməni diasporunun, lobbisinin siyasi proseslərdə maliyyə və siyasi dəstəyini almaq üçün beynəlxalq hüquqdan yaranan öhdəliklərini pozubdur. Faktiki olaraq aparıcı siyasi qüvvələr, Makron administrasiyası erməni lobbisinin təsiri altındadır və Azərbaycana münasibətdə milli maraqları yox, ermənilərin maraqlarını əsas tuturlar”.
 
Naqif Həmzəyev vurğulayıb ki, 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir.
 
Deputat hesab edir ki, Fransaya qarşı sərt addımlar atılmalı, münasibətlərə yenidən baxılmalıdır: “Fransa məhsullarının Azərbaycanda satışına qadağa qoyulsun. Qətnaməni qəbul edən şəxslərin isə Azərbaycana girişinə qadağa qoyulsun”.
 
Deputat Elnur Allahverdiyev bildirib ki, Azərbaycan həm hökumət, həm də qanunverici orqan səviyyəsində Fransaya adekvat cavab verməlidir: “Fransa vaxtilə yerli əhalinin qanı hesabına dünyanın müxtəlif yerlərində əraziləri öz tərkibinə qatıb. Bu müstəmləkələrdə xalqlar müstəqilliyə can atsalar da, Fransa dövləti tərəfindən azadlıq hərəkatları zorla boğulur. Bunlardan ikisinə diqqət yetirməyimiz vacibdir. Birincisi Yeni Kaledoniyadır. Əhali yerlilərdən - kanaklardan və Fransadan gələnlərdən ibarətdir. Yerlilər müstəqillik tərəfdarlarıdırlar. Müstəqillik Uğrunda Milli İttifaq Partiyası Qoşulmama Hərəkatında müşahidəçi qismində iştirak edir. 2021-ci ildə Fransanın nəzarəti ilə keçirilən qurama referendumda yerli əhali iştirak etməyib. Biz Qoşulmama Hərəkatındakı sədrliyimizdən istifadə edib Yeni Kaledoniyanın müstəqillik istəyini aktuallaşdıra və üzv dövlətləri onun müstəqilliyini tanımağa səsləyə bilərik. İkincisi isə Mayottadır. Yeni Kaledoniya kimi Mayottanın da müstəqillik istəyini Fransanın müstəmləkəçi siyasəti boğur. Mayotta Komor adalarına daxildir. Baxmayaraq ki, Komor adaları müstəqil dövlətdir, Fransa Mayottanı nəzarəti altında saxlayır. Komor adaları müsəlman ölkəsidir. Mayottanın müstəqilliyinin tanınması üçün islam dövlətlərinin təmsil olunduğu və bizim də fəal iştirak etdiyimiz təşkilatlar əlverişli platformadır”.
 
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Fransa özü bu gün işğalçı dövlətdir: “Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Sənəddə Qəmər adalarını Fransanın tərk etməli olduğu bildirilir. Fransa hələ də Qəmər adalarından çıxmayıb. Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə biz müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir. Ən sonda biz Fransada yaşayan bütün türk kökənli 1 milyon yarıma yaxın insanlara Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”.
 
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli vurğulayıb ki, Fransa Senatında, başqa yerlərdə Azərbaycana qarşı atılan addımlar elə belə olmur: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi, Türk dövlətlərinin təşkilatlanması təbii ki, xristian Qərb dövlətlərini narahat etməyə bilməz. Bu sırada özünü islam dövləti adlandıran İran da canfəşanlıq edir. Fransa Ermənistanı bacısı adlandırır. Bu, təsadüfi deyil. Fransa Əlcəzairdə, Ermənistan Azərbaycanda minlərlə insanı qətlə yetirib. Deməli, bunların genetik kodundan insan öldürmək hissi var. Onların birliyi antitürk siyasətindən qaynaqlanır. Azərbaycan güclüdür, xalq birdir, liderimiz güclüdür. Güclü liderin Zəfər addımından bütün dünya nəticə çıxarmalıdır. Azərbaycan özünün haqq səsini qaldırıb, qaldıracaq və bundan sonra öz torpaqlarını müdafiə edəcək”.
 

Baxış sayı: 4131 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz