Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olmuş ərazilərini azad edib. Azərbaycan bununla BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib.
 
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə Görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq eyni zamanda, regionda yeni imkanlara yol açır: “Bu mənada Azərbaycan üçün bir nömrəli prioritet hazırda azad edilmiş ərazilərin bərpa, quruculuq işlərini həyata keçirmək və 700 minə yaxın məcburi köçkünün öz doğma vətənlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməkdir. Azərbaycan həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir və növbəti 2023-cü ilin yalnız dövlət büdcəsindən 1,8 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Hesab edirik ki, bərpa-quruculuq işlərinin həyata keçirilməsi də birgə işlərin həyata keçirilməsi üçün ölkələrimiz arasında yaxşı imkanlar açır”.
 
XİN rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin tam həcmlə işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq.

Baxış sayı: 5290 | Tarix: 14.12.2022
Bizi Telegramda izləyin: @repostaz