Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Laçın yolu üzərində baş verənlərin 3 səbəblə bağlı olduğunu bildirib.
 
O qeyd edib ki, əsas səbəb-ekoloji problemlər və Azərbaycan təbii ehtiyatlarının qanunsuz istismarıdır.
 
“İkinci səbəb 9 noyabr bəyanatına zidd olaraq Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadəsidir. Üçüncü səbəb isə nəqliyyat dəhlizlərinin açılmasına dair 9 noyabr bəyanatında qeyd olunmuş öhdəliklərdir. Azərbaycan Laçın dəhlizini istifadəyə verib, lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə Meqri vasitəsi ilə Azərbaycandan Naxçıvan regionuna dəhliz açmaqdan imtina edir”, - o deyib.
 
BMTM sədri Laçın yolunda baş verənlərin bir sıra fundamental problemlərin olduğuna işarə etdiyini vurğulayıb: “Həmin fundamental problemlər bunlardır: Sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi, Rusiya sülməramlı kontingentinin fəaliyyəti. Qarabağ erməniləri arasında radikalların olması və Azərbaycanla dialoqu pozan Ruben Vardanyanın Qarabağa gəlişi. Geosiyasi aktorlar. Artıq hər kəs anlamalıdır ki, problem Qarabağ bölgəsi yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam olaraq həll ola bilər. Əvvəl-axır bu baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz”.

Baxış sayı: 4967 | Tarix: 16.12.2022
Bizi Telegramda izləyin: @repostaz