“Ermənistan uzun müddətdir ki, Cənubi Qafqazda müstəqil oyunçu deyil. O gah Rusiya, gah Fransa, gah da İran tərəfindən manipulyasiya edilir”.
 
Bu barədə ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin giriş-çıxışında və Azərbaycanın Laçın rayonu ilə Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə Ermənistan tərəfinin etirazı ilə bağlı Oxu.Az-a danışarkən bildirib.
 
A.Ağacanov qeyd edib ki, İrəvan müstəqil olsaydı, bu keçid məntəqələri çoxdan fəaliyyət göstərəcəkdi.
 
“Mən həmişə həm Laçın rayonunun Ermənistan tərəfdən girişində, həm də Zəngəzur dəhlizində həm Azərbaycan, həm də Ermənistan sərhəd xidmətlərinin nümayəndələrinin olduğu sərhəd-keçid məntəqələrinin yaradılmasının tərəfdarı olmuşam.
 
Azərbaycan Prezidenti İlham Əliyev hadisələrə real baxır, başa düşür ki, bu lazımdır. Ermənistan isə, dediyim kimi, müstəqil oyunçu deyil, qərarlar İrəvanda qəbul edilmir. İndi, yeri gəlmişkən, Qərb erməni tərəfinə güclü təsir göstərir. Bu böyük nöqsandır. Belə bir vəziyyətdə danışıqların nə dərəcədə irəliləyəcəyini proqnozlaşdıra bilmərəm”, - deyə o bildirib.
 
A.Ağacanov silahlı missiyanın peyda olmasına da münasibət bildirib:
 
“Bu missiya silahlı olsa belə, nə verəcək?! Onların sayı onminlərlə deyil, belə olan halda nəyi həll edəcək? Mən, ümumiyyətlə, bu “müşahidəçilərin” funksiyalarını heç başa düşə bilmirəm (dırnaq içindəki qeydlər bizə məxsusdur - red.). Təbii ki, bu, Fransa, Almaniya və digər ölkələrin nümayəndələrinin gəlməsinə sevinən Ermənistan tərəfinin təşəbbüsüdür. Nə olsun? İnsanlar bundan yorulub.
 
Əgər Ermənistanın razılaşmaq arzusu varsa, o zaman Azərbaycan və Ermənistan liderləri arasında təkbətək görüş lazımdır. Bu, istənilən missiyadan daha yaxşıdır. Sərhədin demarkasiyası və delimitasiyası məsələləri, Zəngəzur dəhlizinin açılması və s. ikitərəfli görüşdə çoxdan həll oluna bilərdi. Amma Nikol Paşinyan gah nala, gah da mıxa vurur”.

Baxış sayı: 6601 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz