Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil.
 
Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.
 
Bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan Baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.
 
Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəalityyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.
 
Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.
 
Ermənistan Baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.
 
Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi Üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır.
 

Baxış sayı: 5689 | Tarix: 30.03.2023
Bizi Telegramda izləyin: @repostaz