Doğrusu, prezidentliyə keçmiş namizəd, tarixçi-alim Cəmil Həsənlinin adından yayılmış, ölkəmizdə İrana bağlı şəxslərin həbsinə dair müsahibədən edilmiş çıxarış əvvəlcə inandırıcı görünmədi.
 
Ona görə ki, son vaxtlar dəb olub, öz boynuna trolluq funksiyası götürmüş fəallar bağlı olduqları siyasi qüvvənin opponentinə qarşı bu kimi yalançı statuslar düzəldib paylaşır, adamı kütləvi şəkildə söydürür, gözdən salmağa çalışırlar. Bu, əksər vaxt effektiv olur – yüzlərlə şəxs yayılan qeydləri həqiqət kimi qəbul edir və söyüş-qarğış kampaniyasına qoşulur.
 
Cəmil Həsənlinin adına çıxılan fikir beləydi: “Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanda bu qədər din xadimi həbs edilməyib”.
 
Belə bir ifadəni Cəmil müəllimin dilə gətirməsi əsasən ona görə inandırıcı görünmədi ki, o, tarixə aid xeyli kitab, məqalə yazmış, ali məktəbdə dərs demiş, bu işləri bilən, istənilən ifadənin, terminin anlamını yaxşı dərk edən adamdır. Yəni müxalifətçilik ehtirası bu qədər şiddətli oldumu ki, professor qeyri-obyektiv fikirlə, ifadə ilə çıxış etdi?
 
Heç indi də inandırıcı deyil. Çünki C.Həsənlinin müsahibəsindən 2-3 cümlə öz səsi ilə yayan İran televiziyası daha sonra söhbətin məzmununu kadrarxası səslə verir. Aydın olmur ki, C.Həsənli İrana bağlı şəxslərin tutulmasından danışarkən “din xadimi”, “üləma” ifadəsi işlədib, yoxsa “dindar” kəlməsi.
 
Ola bilər, müxalifətçi professor bu fikirlərə yaxın ifadələr işlədib, ancaq onun sözlərini bir qadının ifadə etməsi şübhəli görünür. Burada təhriflərin və kontekstdən çıxarmaların olması ehtimalı böyükdür. Müsahibə belə olmur.
 
seher.JPG (35 KB)
 
Yox, əgər yaxın günlərdə Cəmil Həsənli İran televiziyasının onun adından yaydığı fikirlərə hər hansı bir düzəliş verməsə, demək, o, bu fikirlərin altına imza atır.
 
Həbs edilənlərin 400-500 arasında olduğu iddia edilir, açığı, bu da şişirtmə rəqəm kimi görünür. Buna isə hüquq-mühafizə orqanları aydın cavab verməlidir. Bilinməlidir ki, nə qədər adam konkret casusluq ittihamı ilə saxlanılıb, nə qədəri təxribat-diversiya planlaşdırdığına görə yaxalanıb, neçə adam dövlətimizə qarşı ekstremist çağırışlara, yolverilməz təbliğat aparmaları səbəbindən nəzarətə götürülüb və s. Ola bilər, İran televiziyası sərhəddən üzü bəri narkotik maddə keçirənləri və ya ölkəmizdə narkotik maddələrin topdansatışı ilə məşğul olarkən həbs edilən vətəndaşlarını da siyahıya salır.
 
Bəs bunların neçəsi “din xadimi” və “üləma”dır?
 
“Üləma” alim deməkdir. Bu günə qədər yayılan xəbərlərdə həbs edilənlərin içində hər hansı bir elmi dərəcəsi olan şəxslərin adı çəkilməyib. Hətta hansısa mədrəsədə və ya dini təmayüllü ali məktəbdə dərs deyən möminləri də üləma kimi qəbul etsək, belələri yoxdur.
 
“Din xadimi” statusunda olanlara gəlincə, onlarla da vəziyyət aydındır. Bu sırada məscidlərdə molla, axund vəzifələrində işləyənlər nəzərdə tutulur. Əgər hansısa məscidin axundu və mollası həbs edilmiş olsaydı, şübhəsiz ki, bu barədə gedən xəbərlərdə o detal vurğulanardı.
 
Həm də o vəzifələrdə xidmət etmək hələ heç kəsi məsuliyyətdən azad etmir, həbsdən sığortalamır. Çünki axund və mollalar öz peşə fəaliyyətləri ilə yanaşı başqa dövlətə casusluq da edə bilərlər. Hətta bu, onlara daha “səmərəli” fəaliyyət üçün şərait yaradır. Necə ki bir çox ölkələr öz casuslarını diplomatik vəzifələrin mandatı altında gizlədirlər, eləcə də dini vəzifələr həmin məqsəd üçün əlverişli örtük rolunu oynaya bilər.
 
Bu günə qədər həbs edilənlərin tam əksəriyyəti müxtəlif peşələrdə çalışan, bəziləri də başqa işi olmayan adamlardır.
 
Onların nə dərəcədə təqsirkar olduqlarını əvvəlcə istintaq orqanları, sonra məhkəmələr müəyyən edəcək. Ona görə də bəri başdan həmin şəxslərə “casus” damğası vurmaq təqsirsizlik prezumpsiyası prinsipinə ziddirsə, həbslərin qanunsuz, repressiya olmasını, saxlananların günahsız olduğunu iddia etmək də dövlətə böhtan atmaq cəhdidir.
 
Bu hadisələrin möminlərə qarşı yönəlmiş olduğunu iddia edənlər də ortalığı qarışdırmaq istəyənlərdir. Ölkədə 100 mindən artıq ibadət edən, namaz qılan, oruc tutan, öz ruhani həyatını yaşayan insan var, məgər onların hamısı həbs edilib və ya ediləcək? Belə şey yoxdur.
 
Hər birimizin tanıdığı onlarca mömin var, heç bir dövlətin kəşfiyyatına bağlı deyillər, Məşhədə, Nəcəfə, Məkkəyə dəfələrlə gedib-gəliblər, ziyarətlərini ediblər və indiyədək onlara dövlət orqanları tərəfindən bir kəlmə irad bildirilməyib.
 
Onların adları hüquq-mühafizə orqanlarının əlindəki siyahıda yoxdur. Siyahıda o adamların adları var ki, onların son illərdəki fəaliyyətlərinə dair müfəssəl bilgilər mövcuddur. Yəni siyahı güman və fərziyyələr əsasında tərtib edilməyib. Adı orda olan şəxslərin nə dərəcədə təqsirkar olduqları sonda tam müəyyənləşdirilərkən bəraət alanlar da ola bilər, yüngül cəzayla canlarını qurtaranlar da.
 
“Azərbaycan hakimiyyəti İranla münasibətlərin gərginləşməsi fonunda öz vətəndaşlarını cəzalandırır” fikrinə gəlincə, bəs başqa necə ola bilər? “Qala içəridən alınar” deyib atalar. İkincisi isə istənilən müharibədən bir müddət sonra düşmən tərəfin hərbçiləri azad edilir, düşmən tərəfə keçən, kollaborasionistlik edənlər isə cəzalandırılır.
 
Bu, qaçılmazdır. Hərbi cinayət törətməyibsə, düşmən əsgərinin günahı elə də böyük deyil, çünki əmr quludur, əlinə silah verib, müharibəyə göndəriblər. Amma bir adam öz seçimi ilə düşmən tərəfə keçirsə, ona işləyirsə, ona məxfi məlumatlar ötürürsə, ondan əmr və təlimat alırsa, artıq vətənə xəyanət edib, vətəndaşı olduğu dövlətin qəsdinə durub, demək, cəzası ağır olacaq.
 
Bu işlər belədir. İstənilən ölkədə bu cürdür. Məgər Cəmil Həsənli 10 il əvvəl prezident seçilsəydi, başqa dövlətlərə işləyən casuslara, diversantlara göz yumacaqdı ki, onu devirsinlər və dövlətin quruluşunu, sərhədlərini dəyişdirsinlər?
 
Bax, bu, heç inandırıcı deyil. Vətənini yadlara satanlara vətənpərvər yox, satqın deyilir. Ona görə də gərək hər kəs siyasi opponentini tənqid edərkən ədalət hissini özündən çox uzaqlaşdırmasın.
 
Xalid Kazımlı/Müsavat

Baxış sayı: 6506 | Tarix: 15.04.2023
Bizi Telegramda izləyin: @repostaz