Mən ən azı gün ərzində 4-5 dəfə taksidən istifadə edirəm və onların dərdlərini, şikayətlərini yaxşı bilirəm.
 
bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
 
Deputat bildirib ki, indiyə qədər operatorlar sadəcə, vasitəçilik fəaliyyətini görürdülər: “İkincisi məsələ operatorlar tərəfindən sürücülərin qeydiyyatının onlayn qaydada aparılması ilə bağlıdır. Operatorlar bu gün sürücüləri yükləyir. Məsələn, bir operator sürücülərə gündəlik 24 gediş sayı qoyub. Bu tələbi yerinə yetirmək üçün sürücü təbii ki, qəza da törədəcək, pozuntuya da yol verəcək. Bu dəyişiklikləri taksi sürücüləri böyük maraqla gözləyirlər. Tək taksi sürücülərinin yox, sərnişinlərin üzərinə də məsuliyyət qoymaq lazımdır. Çünki bəzən sərnişin sifariş verir, hərdəmxəyalın biri olur və telefonu açmır. Sürücü o yolu gəlir, amma gediş edə bilmir. Biz sürücüləri qorumalıyıq”.
 
Deputat Fazil Mustafa isə taksi sürücülərinin kimliklərinə baxmağı zəruri sayıb: “Taksi sürücüsü işsiz qalmış həkimdir, müəllimdir, müflis olmuş sahibkardır. Çox az məbləğ ödəməklə, avtomobil üzərinə fərqlənmə nişanı qoyursan və çörəkpulu qazanırsan. Biz ilk növbədə digər sahələrdəki problemləri həll etməliyik ki, taksi məsələsinə peşəkarlar gələ bilsin. Necə ki, xaricdə bu işə peşəkar taksi sürücüləri gəlir. Vaxtilə Bakıya London taksiləri gətiriləcəkdi... Ümumiyyətlə nəqliyyatın idarə olunmasının problemini Azərbaycan vətəndaşı çəkir. Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək düzgün deyil. Metrolarda xidmət yüksək qurulubmu ki, insanlar kefindən taksidən istifadə edir? İnsanların yaşayış səviyyəsi aşağı düşdüyünə görə, bəzən 3-4 nəfər toplaşaraq 1 manat verib taksi sifariş edirlər. Buna sosial problem kimi baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxılsa, məncə doğru nəticə əldə edə bilmərik”.
 
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib ki, Azərbaycan o qədər sürətli inkişaf edir ki, turistlər bura gəlmək üçün növbəyə durub: “İctimai nəqliyyatdan kəskin azalmanın günahını taksinin üzərinə ata bilmərik. Toplu daşımada ciddi problemlər var. Ümid edirəm ki, bu dəyişikliklər bu problemlərin aradan qaldırılmasına səbəb olacaq. Hava limanlarında “xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər. Adam azərbaycanlı olaraq düşünür ki, xaricilər xalqımız barədə nə düşünər. Qardaş Türkiyədə belə bu məsələlər tənzimlənir. Ümid bu məsələlərə də diqqət artacaq”.
 
Deputat Bəhruz Məhərrəmov hesab edir ki, bu, çox sadə, eyni zamanda mütərəqqi bir layihədir, beynəlxalq təcrübədə qəbul olunan konsepsiyadır: “İndi bu məsələni məqsədli şəkildə sosial gərginlik müstəvisinə endirmək nəyə lazımdır? Bu layihə sahibkarı da qoruyur, sürücünü də qoruyur, sərnişinin də mənafelərini müdafiə edir. İndi qaydalar qoyulması, intizam yaranması, təhlükəsizliyin təmin edilməsi, taksi fəaliyyətində anarxiyaya, özbaşınalığa son qoyulması niyə etiraz doğursun ki? Cəmiyyətdə fərqli fikirlərin olması normaldır, amma məqsədli şəkildə süni gərginlik mühiti heç kimə fayda verməyəcək. Antimillilər dairələr elə fon yaradırlar ki, sanki, hökumət hansısa mürtəce layihə təqdim edib və xalqı müdafiə etmək lazımdır! Bu dövlət elə xalqındır, Siz kimi kimdən müdafiə edirsiniz? Ona görə də manipulyasiyalara imkan verilməməlidir, saxta tezisləri gücləndirmək olmaz. Nə edilirsə, xalqın mənafeləri naminə edilir”.

Baxış sayı: 6316 | Tarix: 16.06.2023
Bizi Telegramda izləyin: @repostaz