24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
 
XİN-dən RePost.Az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
 
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
 
Azərbaycan tərəfinin hal-hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
 
Qeyd edilən zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar, Erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.
 
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6753 | Tarix: 24.06.2023
Bizi Telegramda izləyin: @repostaz