Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu və digər  dörd nəfər həbs edilib.
 
RePost.Az xəbər verir ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.
 
FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.
 
Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.
 
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
 
ADR sədrinin FETÖ ilə yaxın əlaqələri olduğu, ABŞ-ın Pensilvaniya ştatına sıx səfərləri çərçivəsində Fətullah Gülənlə tez-tez görüşdüyü deyilir.
 
Partiya sədri ilkin olaraq  Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.
 

Baxış sayı: 5708 | Tarix: 24.07.2023
Bizi Telegramda izləyin: @repostaz