Azərbaycan-İran platformalarında fəallar Hindistan silahlarını, o cümlədən tankları daşıyan yük maşınlarının İran sərhədindən keçərək Ermənistana daşındığına dair video və fotoları yaydıqdan iki gün sonra İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrində təhlükəsizliyə cavabdeh olan mənbə Körfəz mediasına növbəti məlumat sızdırıb.
 
Sızdırmada İrəvana texnika və sursat, eləcə də əsgərlərin daşınması üçün zirehli avtomobillər, yerüstü zenit raketləri, “yer-yer” və “yer-hava “raketləri, eləcə də Rusiya və Hindistan radarları ötürüldüyü təsdiqlənir. Mənbə əlavə edib ki, Tehran və Moskva son həftələr ərzində İran ərazisi vasitəsilə Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silahlar, o cümlədən PUA-lar göndərib ki, bu, tərəflər arasında hərbi tarazlıq yaratmaq, Azərbaycan, Türkiyə və İsraili “cilovlayaraq” onların “Sünik vilayətini işğal etməsinə” mane olmaq məqsədi daşıyır
 
“Qüds”dəki mənbə izah edib ki, Moskva və Tehrana daxil olan kəşfiyyat məlumatları azərbaycanlıların “Sünik bölgəsində sərhəd zolağının işğalı” üçün hərbi kampaniyaya başlamağı planlaşdırdığını təsdiqləyir, bu isə İran və Ermənistan arasında quru əlaqəsini kəsmək deməkdir. Sızdırmada suriyalı muzdlular haqda II Qarabağ savaşı ərəfəsi getmiş, sonradan İranın özü tərəfindəncə təkzib edilmiş yalanlar yeni təqdimatda təkrarlanır: Guya İŞİD və “Əl-Qaidə” ünsürlərindən əlavə könüllü adı altında çoxlu sayda pakistanlı əsgər əməliyyatda iştirak etmək üçün Əfqanıstandan Bakıya gətirilib.
 
Beytül Müqəddəsin adına ləkə olan “Qüds”dəki mənbə iddia edib ki, BAKIDA QƏRAR QƏBUL EDƏN ŞƏXS sərhədlərlə bağlı planına davam etmək üçün Türkiyə seçkilərinin bitməsini və yeni Ankara hökumətinin sabitləşməsini gözləyib, bu plan baş tutsa, İran və Rusiyanı Gürcüstan üzərindən birbaşa və mühüm quru marşrutundan məhrum edəcək. Bununla da İran və Rusiya Türkmənistan və Qazaxıstandan keçən, xüsusilə qışda etibarsız olan Şərq marşrutunu əlaqə üçün yeganə quru yol kimi qəbul etməyə məcbur olacaq (görünür, “Qüds” Azərbaycan üzərindən quru yolu bütün hallarda istisna edir-C.Q)
 
Mənbənin sözlərinə görə, İranın ali dini lideri Əli Xameneyi açıq-aşkar göstəriş verib ki, İrəvan uduzduğu son Qarabağ müharibəsində olduğu kimi yenə də müqavimət göstərə bilməsə, ona dəstək vermək üçün hərbi müdaxilə tələb olunsa belə, Tehran sözügedən planın davam etdirilməsinə icazə verməyəcək.
 
Qeyd edilib ki, bir ay əvvəl Rusiya və Hindistanın nəqliyyat nazirlərinin Tehrana səfəri zamanı İran, Hindistan və Rusiya qapalı görüş keçirib, ruslar Bakıya NATO-nun girişini qəbul etməyəcəklərini təsdiqləyiblər. Guya rusların əldə etdiyi məlumatlarda Xəzər dənizində Moskvaya qarşı yeni cəbhə açılacağına və Qafqazda mühasirəyə alınacağına, İran və Hindistanla quru əlaqəsini kəsmək planına işarə edir. İclasda iştirak edən mənbə bildirib ki, Azərbaycanın hər hansı mümkün hücumunu dəf edə bilmək üçün üç ölkənin Ermənistana müdafiə silahı verməsi qərara alınıb. İran hərbi qərargahı Xameneidən xüsusi icazə alıb ki, İrəvanla Bakı arasında qarşıdurma yaransa, ona erməni əsilli iranlıların təlim keçməsinə və İrəvana hərbi xidmətə göndərilməsinə icazə verilsin. Lakin rəhbərlik şərt qoyub ki, əsgərlər şəxsi xahişi ilə Ermənistanı dəstəkləmək üçün müraciət etməlidirlər.
 
O izah edib ki, SEPAH bir il əvvəl iranlı erməniləri İran hərbi PUA-laırndan istifadə etməyə öyrətməyə başlayıb, çünki onlar fars dilini bildiklərindən əməliyyat proqramlarını tez başa düşüblər.
 
Xatırladaq ki, bu məzmunda məlumatların yayılması ilk dəfə deyil, həm də bu məlumatlar sonradan əksər hallarda digər kanallarla təsdiqlənir. Burda diqqətçəkən nüans İrəvanı Bakıya qarşı dəstəkləmək üçün Hindistan-Rusiya-İran ittifaqı yaranmasın təşəbbüsünün məhz İrandan gəlməsidir. Əvvəllər bu təşəbbüslər uğursuz bitir və adətən Rusiya tərəfindən rədd edilirdi.
 
İranın erməni vətəndaşlarını Ermənistana döyüşməyə göndərəcəyi, silah ötürəcəyi haqda xəbərdarlıqlar da bir müddət əvvəl edilmişdi. Yenə də II Qarabağ savaşından üzü bəri müşahidə olunan metod təkrarlanır- Azərbaycanla bağlı etiraflar və xəbərdarlıqlar xaricdə saxlanan proksi media vasitəsilə sızdırılır. Güman ki, həmişə olduğu kimi növbəti mərhələdə bu mesajların az sonra Tehranın mediasının özündə də təsdiqini görəcəyik. O zaman İranın Müdafiə Nazirliyindəki mənbə bildirirdi ki, Tehran son vaxtlar Ermənistana kəşfiyyat və kamikadze dronlar, çoxlu sayda raket və silah-sursat verib. Mənbə bunu İran və Azərbaycan arasında gərginliyin artmasına və “ İsrailin Bakıdakı fəaliyyətinə“ cavab olaraq, Ermənistanı Azərbaycanın hücumlarından qorumaq məqsədilə etdiyini bildirmişdi. İran tərəfi həmin günlər sərhəddə baş verən qarşıdurma zamanı Ermənistan ordusunun artıq bu silahın bir hissəsindən istifadə etdiyini, nəticədə hər iki tərəfdən 7 əsgərin şəhid olduğunu qeyd edərək, “Azərbaycan qüvvələrinin silahın keyfiyyətindən təəccüblənməsi” ilə fəxr edirdi.
 
Budəfəki sızdırma ilə edilən xəbərdarlıqlar yenə əvvəlki hərbə-zorba ilə eynidir. Əvvələn, Tehran Zəngəzur dəhlizi layihəsinin baş tutmaması üçün hər cür təxribata hazırdır. İkincisi, o zaman iddia edilmişdi ki, Ermənistan və Azərbaycanla sərhədlərdə 100 mindən çox İran əsgəri var və ermənilərin özlərini müdafiə edə, Sünik üzərində nəzarətin itirilməsinin qarşısını ala bilməyəcəyi təqdirdə müdaxilə etməyə hazırdır, hərçənd Tehran “belə bir ssenarini arzulamır”. Bu dəfə sızdırma SEPAH-dan gəlir və müdaxilə variantının dini rəhbərlə razılşadırıldığı bildirilir.
 
Müdafiə Nazirliyinin sızdırmasında deyilirdi ki, minlərlə iranlı erməni də Ermənistan ordusunun tərkibində döyüşməyə hazırdır. İndi də eyni məzmunda sızdırma SEPAH adından edilir.
 
Beləliklə, İranın rəsmi qurumları Ermənistana açıq hərbi dəstək göstərildiyini yenə etiraf edir. Üstəlik, erməni ordusunun tərkibində döyüşəcək İran vətəndaşlarının hazırlandığı haqda təhdid də təkrarlanır. Onların erməni əsilli olduğu deyilsə də, bu, İranın savaşa qoşulması üçün istifadə oluna biləcək aldadıcı gedişdir. Görünür, İran xarici işlər nazirinin Bakıya səfərindən sonra müşahidə olunan nisbi yumşalma gizli fəaliyyətlərini rahat şəkildə yürütmək, Azərbaycan tərəfini arxayınlaşdırmaq üçün lazımmış.
 
Cəmaləddin Quliyev, siyasi ekspert

Baxış sayı: 6658 | Tarix: 23.08.2023
Bizi Telegramda izləyin: @repostaz