"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir- bərpa işləri ilə bağlı müştərilərə alternativ marşrut təqdim edib.
 
RePost.Az bu barədə Report-a istinadən xəbər verir.
 
Məlumata görə, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.
 
"Bu yeni dəmiryolu-dəniz əlaqəsi yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını və təchizat zəncirinin bütövlüyünü təmin edəcək", - “ADY Konteyner” bildirir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
 
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

Baxış sayı: 7209 | Tarix: 24.08.2023
Bizi Telegramda izləyin: @repostaz