Sergey Markov: “Moskva Qarabağdakı prosesin Azərbaycanın daxili işi olduğunu təsdiq etdiyinə görə bu il kontingentin ərazini tərk edəcəyi ehtimalı böyükdür. Peskov bir gün əvvəl demişdi ki, o, “erməni soyqırımı” üçün heç bir ilkin şərt görmür”
 
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində Qarabağla bağlı yeni tarixi razılaşmaları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
 
- Sergey Aleksandroviç, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, ölkə silahlı qüvvələrinin bir gündə həyata keçirdiyi antiterror tədbirləri ölkəmizin suverenliyini bərpa edib. Obyektiv olaraq Azərbaycan digər məsələlərlə yanaşı, üçtərəfli bəyanatın Ermənistan silahlı qüvvələrinin çıxarılmasına dair bəndinin icrasına nail olub...
 
- Baş verənlər qlobal müstəvidə möhtəşəm hadisədir, bu o deməkdir ki, 1988-ci ildən davam edən Qarabağ münaqişəsi nəhayət ki, sona çatır. Bu qanlı, şiddətli qarşıdurma 35 il- əsrin üçdə birindən çox davam etdi və indi başa çatmışdır.
Biz tarixi bir məqamın şahidi oluruq. Azərbaycan əsl qalibdir. O, 2020-ci ilin payızında ərazilərinin qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır icra olunmayan qətnamələrini müstəqil şəkildə həyata keçirib. İndi də o, müstəqil şəkildə erməni tərəfini Üçtərəfli Bəyanata əməl etməyə məcbur etdi. Beynəlxalq təşkilatlar yox, özü. 2020-ci ilin payızında Azərbaycanın hərbi təcrübəsi öyrənildiyi kimi, indi də Azərbaycanın uğurları dünyada öyrəniləcək. Və burada bir daha tarixdə şəxsiyyət faktoru rol oynadı. İlham Əliyev müdrik rəhbərdir, böyük strateqdir. Bu, irəliyə baxdığını, bütün gedişləri hesabladığını, zamanın çağırışlarını hiss etdiyini, qərarlarını yalnız ölkəsinin milli maraqları üzərində qurduğunu dəfələrlə nümayiş etdirmiş siyasətçidir. Düşünülmüş, ağıllı qərarlar qəbul edir. O, müasir dünyada və dünya tarixində bir neçə müstəqil liderdən biridir.
 
Prosesin beynəlxalq təşkilatlardan kənarda baş verməsi çox vacibdir. BMT və ATƏT münaqişənin həllində tamamilə uğursuz oldu. Qarabağ məsələsinin hərbi yolla həlli heç nəyi həll edə bilməyən beynəlxalq təşkilatlarınn nəhəng böhranının sübutudur. Qərb dövlətlərinin tam nəzarəti altında olan BMT heç nə edə bilmir, ziddiyyətlərdən parçalanmış ATƏT də heç nə edə bilmir.
 
İlham Əliyevin dediyi kimi, indi əsas məsələ Qarabağ ermənilərinin Azərbaycanın hüquqi, sosial-iqtisadi məkanına reinteqrasiyasıdır. İndi erməni birləşmələrinin tərksilah edilməsi və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması bəndinin yerinə yetirilməsi üzrə real proses başlayıb. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, artıq tərksilah prosesi başlayıb. Bu, regionda təhlükəsizlik baxımından son dərəcə vacibdir. Bununla paralel olaraq Yevlaxda Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan hakimiyyətinin nümayəndələri ilə Qarabağ ermənilərinin nümayəndələri arasında yeni görüş keçirilib. Hansı ki, çox vacibdir. Azərbaycan reinteqrasiya ilə bağlı təkliflərini təqdim edib. Və bu çox vacib amildir. İlham Əliyevin dəfələrlə bəyan etdiyi və rəsmi Bakının da qeyd etdiyi kimi: Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün heç bir beynəlxalq mexanizmə ehtiyac yoxdur. Bu, Azərbaycanın daxili işidir və Bakıda deyildiyi kimi, Azərbaycan hakimiyyətinin özləri zəmanət verir ki, erməni əhalisi üçün hər şey yaxşı olacaq, mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın qalan sakinləri ilə eyni hüquqlarla yaşayacaqlar. Və bu, şübhəsiz ki, belə olacaq. Qarabağ ermənilərinin yaxşı yaşamaq, təzyiq altında yaşamamaq imkanı var.
 
Bakı ilə Qarabağ erməniləri arasında razılaşmaların perspektivinə əsaslanan hadisələrin ssenarisi belədir- kim Qarabağda yaşamaq istəyirsə, qalacaq, bu kiməsə yaraşmazsa, o gedə bilər.
 
Sual yaranır ki, münaqişə zamanı azərbaycanlıların qətlində, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə iştirak edən silahlılarla nə etmək lazımdır? Amma bunların hamısı Azərbaycanın daxili həyatına aid məsələlər olacaq, beynəlxalq aləmin yox.
 
Azərbaycan daxili problemlərin həlli istiqamətində fəaliyyətini davam etdirəcək: minalardan təmizləmə, abadlıq, yenidənqurma. Qarabağ erməniləri isə məhz Azərbaycan prezidentinin də təklif etdiyi kimi, azərbaycanlılarla birgə rahat ərazilərdə yaşamaq imkanı əldə edəcəklər.
 
- Rusiyanın Azərbaycana “yaşıl işığı” yandırmaq üçün mahiyyətcə əsası var, çünki Paşinyan özü Qarabağı Azərbaycan ərazisisi kimi tanıyıb. Və görürük ki, Rusiya hökumətinin nümayəndələri ardıcıl olaraq Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu mövqeyini səsləndirirlər... Amma həm də son vaxtlar Rusiya-Ermənistan münasibətlərində yaranmış situasiya. İrəvanın Qərb vektoru və onun anti-Rusiya hərəkətləri və bəyanatlarının hadisələrin nəticəsinə təsir etdiyini deyə bilərikmi?
 
- Əlbəttə. Paşinyan Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşdirdi. Ermənistan və separatçıların özləri Azərbaycanı antiterror tədbirləri görməyə sövq edirdilər, çünki mütəmadi olaraq təxribatlar baş verirdi, Qarabağda ardıcıl hərbi güc toplanırdı, Azərbaycan mülki əhalisinin və təhlükəsizlik qüvvələrinin ölümü ilə nəticələnən təxribatlar törədilib. Qarabağda sabitliyi pozmaq üçün xarici qüvvələrin daxil olmasına cəhdlər olub və edilir.
 
Rusiyanın mövqeyinə gəlincə- bəli. Burda necə olmalı idisə, elə də oldu. Aydın məsələdir ki, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu, Paşinyanın Rusiyaya qarşı olduğu bir şəraitdə Azərbaycanın indiki beynəlxalq situasiyada Moskva üçün rolu ancaq artmaqdadır. İrəvan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və Rusiya, burada optimal mövqe tutmuşdur. Rusiya kimi Azərbaycana dost ölkələr Azərbaycanın Qarabağ üzərində suverenliyini tam şəkildə tanıyır.
 
- Bu gün (dünən-red) İlham Əliyev Vladimir Putinə zəng etdi, onlar Qarabağda vəziyyətin sakitləşdirilməsini, Üçtərəfli Bəyanatın icrasının intensivləşdirilməsini müzakirə etdilər...
 
- Bu, istənilən vəziyyətdə Putinlə Əliyev arasında daimi konstruktiv təmas və anlaşmanın daha bir sübutudur. Göründüyü kimi, prinsipcə, son nəticədə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirən Aİ yox, ABŞ yox, Rusiya oldu. Rəsmi Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında danışıqlarda Rusiya sülhməramlıları iştirak edir, çünki Qarabağda müxtəlif vəziyyətləri həll edən məhz onlardır. Bəli, ola bilsin ki, Qərbin təzyiqi əsasında diqqəti Ukraynaya yönəltməsi ucbatından Rusiya son vaxtlar vasitəçiliyini istədiyi dərəcədə tam həyata keçirməyib. Ancaq hələ də bi işi aparır. Deyə bilərik ki, vasitəçilər arasında Rusiya son sözü özünə saxlayıb. Putinlə Əliyev arasındakı söhbətə görə, Rusiya Federasiyasının vasitəçiliyi ilə indi vəziyyətin həlli üçün Moskvanın köməyi ilə çox şey razılaşdırılır. Amma mən hesab edirəm ki, Moskva Qarabağın Azərbaycan olduğunu və bu ərazidə baş verən hər şeyin Azərbaycan Respublikasının daxili işi olduğunu təsdiq etdiyinə görə bu il kontingentin bu ərazini tərk edəcəyi ehtimalı böyükdür. Axı Peskov bir gün əvvəl demişdi ki, o, “erməni soyqırımı” üçün heç bir ilkin şərt görmür.
 
Qarabağdakı rus sülhməramlıları səbir möcüzələri göstərdilər. Ermənistan onları daim Azərbaycanla münaqişəyə sövq edirdi.
 
- Prezident Əliyev müraciətində İrəvanın Qarabağla bağlı razılaşmalar ətrafında vəziyyətlə bağlı mövqeyinə, İrəvanın siyasi konstruktivlik nümayiş etdirdiyinə və bunun ümid verdiyinə diqqət çəkib. Və bildiyimiz kimi, Paşinyan Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı vəziyyətdən “özünü ayırdı” və vəziyyətin həlli üçün dialoqda iştirak etmədi. Əliyev bunu yüksək qiymətləndirib.
 
- Əliyev Ermənistanın ərazi bütövlüyünü tanıdı. Həm də unikal olan odur ki, Bakı ilə İrəvan arasında həmişə Qarabağla bağlı danışıqlar olub, indi isə Bakı ilə Qarabağ erməniləri arasındadır. Bəli, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla prosesdə mühüm rol oynadı. Baxmayaraq ki, o, Rusiya-Ermənistan münasibətlərini çox mənfi edib. Amma unutmayaq ki, Ermənistanın baş naziri Üçtərəfli Bəyanata əməl etməyib.
 
- Separatçılar, radikallar, Qərb vəziyyətin dağılmasına və dinc istiqamətdə inkişaf etməməsinə təsir göstərə bilərmi?
 
- Qərb çətin ki, nəsə edə bilsin. Baxmayaraq ki, Makron və digərləri hər cür beynəlxalq mexanizmləri cəlb etməyə çalışırlar. Amma heç kim Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək. Radikallar nəyisə tənzimləməyə cəhd edə bilər, lakin onlar yatırılacaq. Deməli, Azərbaycan indi ardıcıl olaraq ermənilərin reinteqrasiyası siyasətini həyata keçirəcək. Hər şey onun əlindədir. İrəvandakı etirazlara gəlincə, biz ənənəvi olaraq görəcəyik ki, Paşinyan bu dəfə də müqavimət göstərə bilirmi.
 
Tərcümə - Elçin Bayramlı

Baxış sayı: 4226 | Tarix: 22.09.2023
Bizi Telegramda izləyin: @repostaz