Böyük Britaniyanın “The Guardian” qəzetində “As an Azerbaijani, I have to speak out about my country’s ethnic cleansing of Armenians” (Mən bir azərbaycanlı kimi ölkəmdə ermənilərə qarşı etnik təmizləmə apardığını deməliyəm) adlı məqalə gedib. Məqaləni Ruslan Cavadov qələmə alıb.
 
Ancaq bu müəllifin real adı deyil. O, öz adını gizlətməyə üstünlük verib.
 
İsmi-pünhan müəllif yazır ki, ermənilər və azərbaycanlılar bir-birinə nifrət edir: "Biz bu nifrətdən doğan qorxu hissi ilə böyümüşük, lakin mən ümid edirəm ki, mənim səsim Dağlıq Qarabağın köçkün uşaqlarına çatacaq..."
 
Yazır ki, əslimiz Laçın rayonundandır. Anam kürd qızıdır. Ermənilər bizi oradan qovdular. İndi də biz onları Qarabağdan qovuruq...
 
“Azərbaycan dövləti sizi inandırır ki, ermənilər Dağlıq Qarabağı öz istəkləri ilə tərk edirlər. Bu, yalandır. Ermənilər yaxşı bilirlər ki, qalsalar, onları hansı acı tale gözləyir. Bu proses təbii ki, etnik təmizləmədir”... 
 
Məqalənin bu hissəsi isə mənim üçün xeyli gözlənilməz oldu: “Mən 15 il əvvəl Azərbaycanı tərk etdim, bu dəfə ermənilər tərəfindən deyil, məni sevməli, qorumalı olanların qəddarlığı ilə Azərbaycandan didərgin düşdüm. Atam məni homoseksual olduğuma görə öldürməyə cəhd etdikdən sonra məişət zorakılığından qaçdım və Azərbaycanda məni müdafiə edə biləcək heç bir şəxs və ya qurum yox idi. Mən bir insan qədər köçkünəm və bu yazıma görə təqib qorxusundan bir daha Azərbaycana gedə bilməyəcəm. Amma məni vicdanım məcbur edir ki, bu həqiqətləri yazım”.
 
Bugünlərdə Kanadaya bağlı olan Rauf Azimov adlı birisi kosmopolit mövqeyi ilə tanınan “opendemocracy.net” saytında oxşar əhval-ruhiyyədə bir məqalə yazmışdı. Təkcə onu deyim ki, adam ermənilərin Qarabağdan kütləvi köçünü elə birinci cümlədəcə “etnik təmizləmə” adlandırmışdı.
 
Rauf Azimov onu da vurğulamışdı ki, o, Qarabağ müharibəsində böyüyüb: "Ermənilərin çəkdiyi ağrılar mənə tanışdı. Ancaq onlarla empati bəslədiyimə görə online (yəni sosial şəbəkələrdə, konkret X-da) hücuma məruz qaldım...
 
Bu başabəla yazarlar eyni ilə ermənilərin bizə ünvanlandığı ittihamları təkrarlayır. Nə deyirlər? Deyirlər ki, biz azərbaycanlılar ermənilərə nifrət edirik. Ay qurban olum sizə, biz axı erməniləri necə sevə bilərik ki, onlar bir gecədə Xocalıda 613 nəfəri qətlə yetiriblər. Özü də mülki adamları.
 
Mindən çox adam Xocalı soyqırımı zamanı itkin düşüb. Təbii ki, onlar da öldürülüb. Bu boyda vəhşiliyi törədən ermənini biz necə sevə bilərik?
 
Bəlkə Xocalı soyqırımını ermənilər azərbaycanlılara olan məhəbbətindən dolayı törədib? Belə absurd iddia olarmı? Rauf Azimov hansı məntiqə söykənərək ermənilərə canıyanalıq edir, bu, mənə aydın deyil. Eləcə də ismi-pünhan müəllifin ermənilər üçün axıtdığı göz yaşları məndə ikrah hissi oyadır.
 
Bəli, mən də ermənilərlə anlaşmanın tərəfdarıyam. Ancaq biz xalq olaraq heç vaxt Xocalı qətliamını unuda bilmərik. Nə vaxtsa biz Xocalı fəlakətini unutsaq bilin ki, manqurtlaşmışıq-milli yaddaşımızı itirmişik. Allah o günləri Azərbaycana göstərməsin...
Gördüyünüz kimi, Qərb mediası indi də sapı özümüzdən olan rəngli "baltaların" əli ilə Azərbaycana qarşı təbliğat müharibəsi aparır. Təbii ki, ermənilərin sifarişi ilə. 
 
Təəssüf ki, bu tendensiya geniş yayılıb. Qərbdə yaşayan azərbaycanlılar arasında beyni yuyulmuş kəslər kifayət qədər çoxdur. Elə Azərbaycanın daxilində də bu qəbildən olanlar az deyil. Onlar hər vəchlə Azərbaycanın əldə etdiyi möhtəşəm qələbəni gözdən salmağa, ermənilərin müdafiəsi ilə bağlı sərsəm iddialar səsləndirməyə çalışırlar. 
 
Ona görə də Azərbaycan mediası təbliğat müharibəsinin önəmini bütün varlığı ilə hiss etməli və ordumuzun Qarabağda əldə etdiyi qələbəni təbliğat müharibəsində daha da möhkəmləndirməlidir...
 
Elbəyi Həsənli, Sürix

Baxış sayı: 5309 | Tarix: 11.10.2023
Bizi Telegramda izləyin: @repostaz