Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilib.
 
Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti təmin edilib. Orxan Hacılı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Yasamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
 
Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin müstəntiqi tərəfindən məhkəməyə təqdimat daxil olub.
 
Xatırladaq ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Baxış sayı: 6354 | Tarix: 02.11.2023
Bizi Telegramda izləyin: @repostaz