Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.
 
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
 
Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlət başçısı bildirib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
 
Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini vurğulayan dövlət başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb.
 
Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

Baxış sayı: 4682 | Tarix: 03.11.2023
Bizi Telegramda izləyin: @repostaz