Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır.
 
Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05% olduğu halda Dağlıq Şirvanda 19.67%, Qarabağda 19.32%, Mil-Muğan iqtisadi rayonunda 19.13%, Lənkəran-Astara iqtisadi rayonunda 19.1%, Şirvan-Salyan iqtisadi rayonunda 18.75%, Mərkəzi Aranda 18.59%, Qazax-Tovuz iqtisadi rayonunda isə 18.42%-dir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.
 
Millət vəkili qeyd edib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. Bu xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur.
 
"Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər" - Vüqar Bayramov qeyd edib.
 
Millət vəkili hesab edir ki, kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir: "Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var".

Baxış sayı: 12282 | Tarix: 20.12.2023
Bizi Telegramda izləyin: @repostaz