“Yekun sülh müqaviləsinə çox da uzaq olmadığımız müzakirələrin bu vacib mərhələsində nəticəyə yönəlmiş addımlar atmağa ehtiyacımız olduğunu anlamaq vacibdir”.
 
Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Guardian"a müsahibəsində deyib.
 
“Mən bilirəm ki, otuz il davam edən və önəmli bir nəticə əldə edilməyən müzakirələrdən sonra hər iki tərəfdə müəyyən yorğunluq və məyusluq var ki, biz nə vaxta qədər heç bir məntiqli nəticə əldə etmədən bir-birimizlə görüşməyə davam edəcəyik”, - Elçin Əmirbəyov bildirib.
 
Elçin Əmirbəyov müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsindəki beş prinsipə toxunaraq, “hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birlərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsi, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT-nin Nizamnaməsinə zidd olan hər hansı aktların rədd edilməsi və iki ölkənin sərhədlərinin delimitasiyası məsələsini” əhatə etdiyini qeyd edib.
 
“Və nəhayət, Ermənistanla Azərbaycan arasında kommunikasiya yollarının və əlaqələrin açılması da var, çünki 30 ildir münaqişə səbəbindən bizim heç bir əlaqəmiz olmayıb”, - Elçin Əmirbəyov vurğulayıb.

Baxış sayı: 6639 | Tarix: 28.12.2023
Bizi Telegramda izləyin: @repostaz