Müsavat Partiyasının XI qurultayı yalnız yeni başqanın seçilməsi ilə yadda qalmadı, qurultay həm də AXCP sədri Əli Kərimlinin yalanlarının, hoqqabazlıqların ifşasına səhnə oldu.

Musavat Partiyasının növbəti parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini rəsmən açıqlaması Kərimlinin yapışdığı saman çöplərindən birini də əlində aldı. AXCP rəhbəri Müsavat Partiyasının son prezident seçkilərində iştirak etməməsindən əməlli-başlı ruhlanaraq özünün boykot qərarında haqlı olduğunu əsaslandırmağa çalışır, “görürsünüz, seçkiləri böykot edən təkcə AXCP deyil, Müsavat da seçkilərdə iştirakdan imtina edir” kimi bir təbliğat aparırdı. Amma Müsavatın keçmiş başqanı Arif Hacılının “Müsavatı ora qataraq görüntü yaratmağa çalışırlar” ifadəsi də Kərimlinin prezident seçkisi dönəmində ucuzluğa getdiyi və növbəti dönəmlərdə bu kimi ucuz şouların yersiz olduğu mesajı idi.

Müsavat Partiyasının növbəti parlament seçkilərində iştirak qərarını açıqlaması göstərdi ki, Kərimlinin siyasi rəqabətin, normal seçki mühitinin olmadığı barədə dedikləri elə AXCP sədrinin “ənənəvi müxalifət”də özünə yaxın bildiyi bir partiya tərəfindən yalanlanır.

Müsavat Partiyasının qurultayı həm də Əli Kərimliyə müxalifətçilik dərsinin verildiyi bir səhnə kimi də yadda qaldı. İsa Qəmbərin sözləri ilə desək, bu dərs ondan ibarət oldu ki, müxalifətçi olmaq heç bir halda iqtidarın əldə etdiyi uğurları, atdığı düzgün və vaxtında atılan addımları görməməyə əsas vermir.  Bəli, tənqid, problemlər varsa, onları obyektiv şəkildə səsləndirmək öz yerində, uğurları, müsbət işləri də görmək və dilə gətirmək öz yerində. Müxalifətçilik Kərimliinin etdiyi kimi hər işə bir qulp qoymaq, uğurla əsla etiraf etməmək, istisnasız olaraq, bütün müsbət işlərə kölgə salmaq deyil. Şər-böhtan, dedi-qodular, qeybət də əsla müxalifətçilik deyil.

Bütün bunlara Kərimlinin cavabı hansı şəkildə olacaq? Təbii ki, ona yaraşan şəkildə. Kərimli ona nəyin yaraşdığını artıq ifadə etməyə başlayıb. “Tofiq Yaqublunu həbsdə saxlamaq üçün artıq hakimiyyətin heç bəhanəsi də qalmayıb” fikri də Kərimlinin ənənəvi və təbii ki, qeyri-əxlaqi cavab tərzinin nümayişidir. Belə görünür ki, AXCP sədri onun eybəcər sifətlərini üzünə deyənləri təhqir etmək, aşağılamaq xəttini Müsavat Partiyasınına qarşı da yürüdəcək. Onun səhvləri, saxtakarlığı, iyrənc siyasəti barədə danışan partiyaları “xain” , “cib müxalifəti” , “satılmışlar” kimi ifadələr işlədərək alçatlmağa, tənqid etməyə çalışması Kərimli və çevrəsinin hamıya yaxşı tanış olan üzüdür. Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində yazdığı status da Müsavatın “satılmış” obrazının yaradılmasına start kimi başa düşülə bilər.

Söyüş üslubu, əxlaqdan, etikadan tamamilə uzaq danışıq üslubu Əli Kərimliyə çox tanışdır. Kimsəyə də sirr deyil ki, xoşu gəlmədiyi, onu təndiq edən şəxsləri cəbhəçilərin saxta profilləri ilə təhqir etmək, aşağılamaq Kərimliyə xas bir davranışdır. Bunların Müsavat və onun rəhbərliyinə qarşı ediləcəyi də gözləniləndir. Necə deyərlər, Kərimli ona yaraşanı edəcək.

İsa Qəmbərin yenidən Müsavatın başqanlığına seçilməsi Əli Kərimlinin kürkünə  birə saldığı da şübhəsizdir. Ən əsası, İsa Qəmbər kimi birinin Müsavata liderlik etməsi Kərimlinin bu partiyadan istifadə etmə şansını da tamamilə yox edəcək. Kərimlini qorxudan digər bir məsələ isə odur ki, daha “müxalifətin lideri” kimi populizmlə məşğul ola bilməyəcək.


Baxış sayı: 3409 | Tarix: 06.05.2024
Bizi Telegramda izləyin: @repostaz