“Biz beynəlxalq ictimaiyyəti Hindistanın əsassız qanunsuz hərəkətlərinin ciddiliyini tanımağa çağırırıq”.
 
Bu barədə Pakistan Milli Təhlükəsizlik Komitəsinin bəyanatında qeyd edilib.
 
Bildirilib ki, Hindistanın zərbələrindən sonra Pakistan silahlı qüvvələrinə müvafiq tədbirlər görmək səlahiyyəti verilib.
 
Pakistanın Milli Təhlükəsizlik Komitəsi Hindistanın torpaqlarında terror düşərgələrinin olması ilə bağlı iddiasını qəti şəkildə rədd etdiyini açıqlayıb.
 
“BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız Pakistanlıların həyatını itirməsi və suverenliyinin açıq şəkildə pozulmasına görə qisas almaq üçün özünümüdafiə məqsədilə seçdiyi vaxtda cavab vermək hüququnu özündə saxlayır. Pakistanın Təhlükəsizlik Qüvvələrinə bununla bağlı müvafiq tədbirlər görmək səlahiyyəti verilib”, - bəyanatda qeyd edilib.
 
Hindistanın hücumunun uçuşlar üçün böyük təhlükə yaratdığı və minlərlə insanın həyatını riskə atdığı bildirilib.
 
Vurğulanıb ki, dünya Hindistanı zərbələrinə görə məsuliyyətə cəlb etməlidir.
 
Pakistan Hindistanı hücumda Neelum-Jhelum su elektrik layihəsini qəsdən hədəf almaqda ittiham edib.
 
“Hindistan bölgədə yanğını alovlandırıb və bunun nəticələrinə görə yalnız məsuliyyət daşıyacaq’, - Pakistan Təhlükəsizlik Komitəsi bildirib.
 
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Komitəsinin iclası keçirilib.
 
Ötən gecə Hindistan “Sindoor əməliyyatı” adlı yeni hərbi əməliyyata başladığını açıqlayıb. Pakistan Hindistanın üç fərqli bölgədən raket hücumu etdiyini açıqlayıb. Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 46 nəfər yaralanıb.

Baxış sayı: 502 | Tarix: 07.05.2025
Bizi Telegramda izləyin: @repostaz