Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılığın təşkilində və ona rəhbərlik etməkdə ittiham olunan Manana Giorqobiani barəsində həbs qətimkan tədbiri seçilib.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
 
Vəkilinin sözlərinə görə, Giorqobiani üçün psixoloji və psixiatrik ekspertiza təyin edilib. O, saxlanılandan sonra psixiatriya müəssisəsinə aparılıb və oradan da məhkəməyə gətirilib.
 
Müdafiə tərəfi Giorqobiani barəsində 5 min lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edib.
 
Gürcüstanın Baş Prokurorluğunun məlumatına əsasən, Giorqobiani mağaza əməkdaşlarından pul tələb edib, imtina alandan sonra özünü aqressiv aparıb. O, supermarket işçilərini təhqir edib, onlardan birinə fiziki zor tətbiq edib və hər ikisini ölümlə hədələyib. Mağazanı tərk edəndən sonra o, qrup halında zorakılıq təşkil edib.
 
Faktla bağlı saxlanılmış digər 5 nəfər qrup halında zorakılıqda iştirakda ittiham olunur. Onlardan birinin yaşayış evinin zirzəmisində saxlanılan və qanunsuz əldə edilmiş iki ədəd “Kalaşnikov” avtomatı və 110 ədəd patron götürülüb. Həmin şəxslərin də məhkəməsi bu gün keçiriləcək. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
 
Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Zorakılığa məruz qalmış 19 və 21 yaşlı gənclər Dmanisi və Qaraçöp bölgəsindəndir.

Baxış sayı: 331 | Tarix: 07.11.2025
Bizi Telegramda izləyin: @repostaz