Körpələrin hər zaman düzgün qulluğa və qayğıya ehtiyacı var. Dünyaya gələn uşağa düzgün qulluq etməmək, raxit xəstəliyinin yaranmasına şərait yaradır. Vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi kimi digər patoloji hallar müşahidə olunur.
 
Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu səbəbindən 0-13 yaş arası uşaqlarda xəstələnmələrə çox rast gəlinir.
 
Statiskaya görə, 2011-ci ildə 11 min 813 uşaq xəstələnibsə, bu rəqəm 2012-ci ildə 11 min 636, 2013-cü ildə isə 11 min 875 nəfər təşkil edib. Əslində son bir neçə ilin statistikasında elə bir dəyişiklik olmasa da, xəstəliklə mübarizə aparmadıqda ağır fəsadlara gətirib çıxara bilər. Belə ki, müalicə olunmayan raxit, süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxın görməyə (göz dibi əzələləri zəiflədiyi ücün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasiyasına səbəb olur. Gələcəkdə bəlkə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan başqa, raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.
 
Bəs raxit xəstəliyini əmələ gətirən faktorlar hansılardır?
 
Xəstəliyin səbəbi D vitamininin çatışmazlığı və bunun nəticəsində mineral mübadilənin (kalsium və fosfor) pozulmasıdır. Göstərilənlərin çatışmazlığı sinir və sümük sistemlərində pozğunluqlar yaradır. D vitamini uşaq orqanizminə yediyi qida ilə daxil olur. Bundan başqa günəş şüalarının təsiri ilə dəridə sintez olunur. Ana südü vitamin D ilə zəngindir, ona görə uşaq mütləq ana südü ilə qidalandırılmalıdır.
 
Əgər ana südü yoxdursa, həkimin məsləhəti ilə uyğun süni qarışıq seçilməlidir. Körpələri raxitdən qorumaq lazımdır.
 
Xəstəliyin əlamətlərinə gəlincə, bu uşaqlar çox oyanıq olurlar, xüsusilə başda güclü tərləmə müşahidə olunur. Həkimlər hesab edirlər ki, əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yarana bilər. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır. Raxit xəstəliyi olan uşaqlar da pis yeyir və pis yatırlar.
Ənsə nahiyəsində saçları tökülür. Sonra proses sümüklərə keçir. Uşağın kəllə sümükləri deformasiyalaşır, daha sonra döş qəfəsində yaranır. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir. Raxitin digər əlaməti alnın böyüməsidir. Raxitin ağır formalarında döş qəfəsi də deformasiyaya uğrayaraq qabarır.
 
Xəstəliyin müalicəsi isə vitamin D və kalsium preparatları ilə aparılır. Müalicəni mütləq həkim təyin etməlidir. Ağırlığından asılı olaraq raxit xəstəliyinin 3 dərəcəsi ayırd olunur.
Uşaq 2-3 aylıq olarkən raxit xəstəliyinin ilk əlamətləri görünür. Tərləmə, narahatlıq, əzələ distoniyasi, ənsədə yüklərin tökülməsi böyük əmgəyin kənarlarin yumşalması müşahidə olunur. 2-3 həftə davam edir. Biokimyəvi müayinədə fosforun miqdarının azalması, fosfotazanın aktivliyinin artrması təyin olunur.
 
Xəstəliyin qızğın dövründə sinir sisteminində tormozlanma, sümük sistemində, kəllə sümükləri, döş qəfəsi ətrafları sümüklərində dəyişikliklər ortaya çıxır. 3 mərhələdəki sümük dəyişiklikləri 3 dərəcə deformasiya əmələ gətirir. Daxili orqanlarin funksiyaları, statik funksiyalari pozulur. 2,3 mərhələdə dalaq və qaraciyər azacıq böyüyür. Rentgenoqrammada sümüklərin konturları bulanıqdır. Borulu sümüklərin epifizləri qədəhşəkilli, metofizləri kənarları haşiyələnmişdir. 
 
Yarimkəskin gediş prosesin yavaş inkişafı ilə xarakterizə olunur. Çox vaxt 6-9 aylıq hipotrofiyalı uşaqlarda görülür. Sümüklərin yumşalması nisbətən az nəzərə çarpır.
 
Gec ortaya çixan raxitə isə az hallarda rast gəlinir, 4 yaşdan sonra ortaya çıxır. Xəstəliyin profilaktikası üçün hamilə qadınlara kifayət qədər açıq, təmiz, günəşli havada olmaq, düzgün qidalanma, xüsusilə son 2-3 ayda kifayət qədər D vitamini almaq tövsiyyə olunur. Uşağınızın sağlam olması üçün onu mümkün qədər çox havada saxlamaq, qida rasionunda təzə meyvə-tərəvəz, kifayət miqdarda vitaminlər, duzlar, xüsusilə təbii D vitamini (yumurta sarısı, balıq yağı) ilə qidalandırmaq lazımdır.
Raxit xəstəliyi mütəxəssis tərəfindən düzgün və vaxtında müalicə aparıldıqda tam müalicə etmək mümkündür.
 
Pediatr – Dr. Kamal Rəhimov,
Artromed Tibb Mərkəzi
 
 

Baxış sayı: 7969 | Tarix: 22.04.2019
Bizi Telegramda izləyin: @repostaz