30 yanvar tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, 19 nəfərin Ermənistana, 17 nəfərin isə Ermənistandan Laçın koridoru ilə keçərək ailələrinə qovuşmasına yardımçı olub.
 
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
 
O bildirib ki, ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK 36 nəfərin Ermənistana, 59 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.
 
"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq. BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 17 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 57 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.
 
Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq"-deyə BQXK rəsmisi bildirib.

Baxış sayı: 8786 | Tarix: 30.01.2023
Bizi Telegramda izləyin: @repostaz