2016-cı il aprel döyüşlərindən sonra Rusiyada şərti olaraq Azərbaycan lobbistləri deyə biləcəyimiz şəxslər lehimizə bəyanatlar verir, Qarabağın Azərbaycana qaytarılmalı olduğu haqda müəyyən KİV-lərdə təbliğat aparır, Ermənistanda faşizmin njdeizm adıyla rəsmi ideologiyası çevrilməsini dilə gətirirdilər. Ona görə "şərti lobbistlər" deyirəm ki, bizim deyil, əslində Rusiyanın maraqlarını güdürdülər.
 
Erməni mediasında o zaman "Nemezis"in( ermənilərin qisas məqsədilə həyata keçirdiyi teraktlar) bərpası, bir çox tanınmış azərbaycanlını , eləcə də Dugini, Markovu, Şevçenkonu vaxtilə Behbud bəy Cavanşiri, Xan Xoyskini, Polyaniçkonu, Alixanov-Avarskini qətlə yetirdikləri kimi terror etmək haqda açıq təhdidlər müzakirə olunmağa başladı.
 
O təşəbbüsün müəlliflərindən biri Ruben Vardanyan idi.
 
2000-ci illərin əvvəllərindən etibarən "Arsax məsələsini" birdəfəlik bitirmək üçün "Azərbaycan layihəsini ləğv etmək" haqda çağırışlar səslənir, Azərbaycanı əyalət-əyalət, icma -icma bölmək planları hazırlanırdı.
 
O planları maliyyələşdirənlərdən biri Ruben Vardanyan idi.
 
Təxminən o illərdən etibarən "Arsaxı əbədi erməni torpağı etmək" üçün yeni məskunlaşdırma siyasətinə başlandı; kiçik qəsəbələr salınır, yollar çəkilir, binalar inşa olunur, iş yerləri açılır, Suriya və İraq erməniləri bura köçürülürdü.
 
Bu işə də ən çox vəsait ayıranlardan biri Ruben Vardanyan idi.
 
Bir müddət əvvəl mətbuatda Qarabağın boz zona kimi İran və Rusiyanın çirkli pullarını yuyulmasında oynadığı rol haqda araşdırmalar getmişdi. Çirkli pulyuma mexanizmini Qarabağa o gətirmiş, buranı kriminal maliyyə ofşoruna çevirmişdi.
 
Yeri gəlmişkən, onun "Troyka" şirkəti vasitəsilə beynəlxalq çirkli pulyuma şəbəkəsində iştirakı barədə Avropada araşdırmalar aparılmış, istintaq başladılmışdı.
 
Amma əlləri uzundu, Qərb İNGO-larının maliyyələşməsində iştirak edir, həmin İNGO-lar da, bir qayda olaraq, antiazərbaycan kampaniyaların başında gəlirdi.
 
Ailəvi dostluq etdiyi Klunilər ailəsini( daha doğrusu, ailənin xanımı, Corc Kluninin həyat yoldaşı Amal Klunini) belə antiazərbaycan fəaliyyətə cəlb edə bilmişdi.
 
Maliyyələşməsində payı olduğu, guya qərbçi, guya liberal, "Dojd" kanalının əleyhimizə hansı çirkab axıtdığını bilirsiz.
 
Nəhayət, bu gün müşahidə etdiyimiz prosesləri pozmaq, Qarabağın erməni icmasının Azərbaycana dinc inteqrasiyasına maneə olmaq üçün "Moskvadan çox aydın gündəliklə göndərilmişdi". Göndərən bəsbəlli biridir. Antiterror əməliyyatından bir-iki gün əvvələcən verdiyi müsahibələrdə inteqrasiyanı rədd edir, "Stepanakertin Bakı ilə bərabərhüquqlu tərəf" olmasından dəm vururdu.
 
Qərb KİV-inə son müsahibələrində Xankəndidə müşahidə olan yanğınların arxasında durduğunu da etiraf edirdi. Dediyinə görə, arxivləri yandırmaqda məqsədləri o olub ki, kimin hansı hərbi əməliyyatda (yəni hərbi cinayətdə ) iştirak etdiyi haqda faktlar itsin və azərbaycanlılar onların mühakiməsini tələb edə bilməsinlər.
 
O, belə bir əclafdı. Saxlanması, qandallanması erməni revanşizminin belinin qırılmasıdır. Mühakiməsi asan olmayacaq. Yedirtdikləri, bəslədikləri üstümüzə gələcəklər, amma iradəmizə də, gücümüzə də şahid oldular. Bizi cari layihə kimi görənləri tarixin arxivinə göndəririk.
 
Yaşasın Azərbaycan! Var olsun milli iradəmiz!
 
Cəmaləddin Quliyev

Baxış sayı: 4169 | Tarix: 28.09.2023
Bizi Telegramda izləyin: @repostaz