Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsi planından qaynaqlanır. ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə “təmas strategiyasına” qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms OBrayn gətirəcək.
 
Vaşinqtonun planının nədən ibarət olduğunu OBraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir:
 
- Dəhlizin başlanğıcını Mərkəzi Asiyadan götürməklə Çini kənarlaşdırır;
- Marşrutun Ermənistan halqasında kommunikasiyanın suverenlik prinsipi ilə açılmasını dəstəkləyir və bununla Zəngəzur dəhlizi layihəsini sıradan çıxarır;
- Zəngəzurdan keçəcək yolun suverenlik prinsipinə əsasən açılması ilə Rusiyadan burada nəzarət imkanını əlindən alır;
 
Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır. Vaşinqton buna nail ola bilməsə - Orta dəhliz Pekinin planına uyğun reallaşarsa, bu Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər.
 
Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: OBrayn Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq;
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar.
- Kommunikasiyalar suverenlik prinsipi ilə açılacaq;
- Delimitasiya prosesində işğal altındakı 8 kəndin qaytarılması sual altına düşəcək;
- Və Bakıdan “Qarabağ ermənilərinin hüquqlarının” təmin edilməsini də istəyə bilərlər;
 
Azərbaycan bunu istəmir, mövcud vəziyyətdə gözləmək və proseslərin inkişafını görmək daha məqsədəuyğundur, xüsusilə ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasında tərəf və meydan olmamaq baxımından. Bu situasiya isə kənar təzyiqləri gücləndirir. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər.
 
Lakin burada önəmli bir məqam var: Azərbaycan və Türkiyəni açar ölkə olaraq görən ABŞ planını yerinə yetirmək istəyirsə, sülh sazişində Bakının tələblərini prioritet olaraq görməli, razı olması üçün İrəvana təzyiq etməlidir;
 
Azərbaycan həm təzyiqlərdən yayınmaq, həm də proseslərin inkişafını görə bilmək üçün Ermənistan qarşısında maksimum tələblər qoya və ABŞ-dan bunun təmin edilməsini istəyə bilər.

Asif Nərimanlı

Baxış sayı: 3789 | Tarix: 29.11.2023
Bizi Telegramda izləyin: @repostaz