Globalinfo.az aparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadənin müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla müsahibəni təqdim edir:
 
– Ceyhun bəy, necə oldu ki, Nəsimi Nəbizadə qaçdı?
 
– Biz onunla diş həkiminə getmişik, qayıdanda gəzmək istədiyini bildirdi. Qəlbini qırmayıb, Sumqayıta getdik, orada çay içib, nərd oynadıq. Sonra isə “Tarqovı”ya, daha dəqiq desəm, “Soyuq əllər, isti ürəklər” yarmarkasına getdik, Kəramət Böyükçöldən kitab aldıq və ordan təkrar çay içməyə gəldik. Mən əlimi yumağa keçdim, qayıdanda gördüm ki, Nəsimi yoxdur. Düzü, ondan heç gözləməzdim.
 
– Qaçdığını nə vaxt bildiniz?
 
– Açığı, təxminən 15 dəqiqə gözlədim ki, bəlkə sanitar qovşaqda olar, gördüm, gəlmir. Hər yerə baxdıqda qaçdığını anladım. Hətta yenə 4 saat gözlədim ki, bəlkə qayıdar.
 
– Niyə məhz 4 saat?
 
– Çünki asılı xəstələr belədir: şərait yarananda ani fikir gəlir ki, qaç, amma o müddətdən sonra bəzən sağlam düşüncə yaranır, qaçmır.
 
Nəsiminin dişləri implant olundu, müalicə bitdikdən sonra avtomobil hədiyyə edəcəkdik, Həcc ziyarətinə göndərəcəkdik, Zəfər Günü toyu olacaqdı.
 
– Avtomobili kim hədiyyə edəcəkdi, hansı vəsaitlə?
 
– Şəxsi vəsaitimlə edəcəkdim. Xeyriyyə işləri görürəm. İş adamıyam, vəsait də ordan gəlir. Uzun illərdir tikinti şirkətim də var.
 
– Nəsimi Nəbizadəni reablitasiyada məcburi saxladığınıza dair iddialar səsləndirilir.
 
– Bir insanı necə zorla saxlamaq olar? Biz onu Qarabağa gəzməyə aparmışıq, Milli Qəhrəman Salatın Əsgərovanın qəbrini ziyarət etmişik, xoş rəftar olunub. Məcburi saxlanılan adam elə olur? İddialar əsassızdır.
 
– Siz reabilitasiyanın bütün sakinlərinə qarşı belə davranır, Qarabağa və ya şəhərə gəzməyə aparırsınız?
 
– Nəsimi müəllim savadlı, alicənab, tanınmış, bu səhvi etməyəcək biri kimi tanınıb. O bunu etməz deyə aldandım. Amma başqaları ilə də harasa gedəndə tək olmurduq, ən azı 3 nəfər gedirdik, çəklişlərimiz olurdu. Bu dəfə yanıldım.
 
– Hazırda Nəsimi Nəbizadə reabilitasiyadadır?
 
– Xeyr, evinə getdik, amma qapını açan olmadı. Görüşüb 5 dəqiqə söhbət edə bilsəydik, reabilitasiyaya qaytara bilərdik.
 
– Bir çox xəbər portalında, sosial şəbəkələrdə Saray qəsəbəsində tapıldığı iddia olunur.
 
– Saraya getmişik, amma tapmamışıq. Bizə qapı açan olmayıb axı. Hətta deyirlər, guya reabilitasiya mərkəzindən qaçıb. Yalandır, oradan qaçmayıb.
 
Mərkəzimizdə min nəfərə yaxın adam sağalıb, onlar arasında təmənnasız dəstək olduqlarımız da olub. İndi bizi belə “vururlar”.
 
– Ceyhun bəy, belə bir iddia var ki, Nəsimi bəyi təqib edib, evinə kimi getmisiniz.
 
– Xeyr, heç kim onu təqib etməyib. Seçdiyi xanımın yaxınları deyiblər ki, gəlin birlikdə axtaraq, xahiş edək, qayıdıb müalicəni tamamlasın. O adam sağaldıqdan sonra asılılıq bəlasını cəmiyyətə daha çox çatdıra biləcək şəxs idi. Amma qismət… Heç kim belə olmasını istəməzdi.
 
– Dediniz ki, Nəsimi Nəbizadəyə toy edəcəkdiniz. Xanımı özü seçmişdi, yoxsa siz tanış etmişdiniz?
 
– Özünün seçdiyi xanım var idi.
 
Ümumiyyətlə, hər Zəfər Günü reablitasiya mərkəzimizdə müalicə alıb sağalan bir nəfərə toy edirik. Təbii ki, ailə qurmağa hazırlaşan şəxsdirsə.
 
– Ceyhun bəy, bir narkomanın sağalması üçün neçə müddət lazımdır?
 
– Ümumi 9 ay tələb olunur. 6 ay stasionar, 3 ay ambulator qaydada. Ambulator isə 2 gün mərkəzdə, 2 gün evdə nəzarət altında olur. Nəsimi müəllim hələ o mərhələyə çatmamışdı.
 
– Narkomaniyadan tam sağalmaq mümkündür?
 
– Bilirsiniz, asılılıq “xroniki xəstəlik” adlandırılır. Biz üslublar öyrədirik ki, sonra bu fikir gələndə yenidən o addımı atmamaq üçün həmin üsulu etsinlər. Lakin 100 nəfərdən 10 nəfəri təkrar xətaya düşür.
 
– Bəs Nəsimi bəyin müalicəsinin bitməsinə nə qədər qalmışdı?
 
– 4 ay idi müalicə olunurdu, stasionar müddətinin bitməsinə 2 ay qalmışdı, ondan sonra 3 ay ambulator qaydada davam edəcəkdi. Ümumi 5 ay qalmışdı.
 
– Onu reablitasiyaya qaytarıb bu bəladan qurtarmaq mümkün olacaq?
 
– Dediyim kimi, görüşüb 5 dəqiqə söhbət aparmağımız kifayət edəcək. Lakin qapısını açan olmadığı üçün görüş alınmadı. Heç evdə olub-olmadığını da bilmədik. Qapı açılsa, mütləq ki, bizimlə qayıdacaqdı.

Baxış sayı: 464 | Tarix: 09.01.2026
Bizi Telegramda izləyin: @repostaz