İrandan buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Hatay vilayətinə düşən sursat parçası heç bir təhlükə yaratmayıb.
“Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə regionda sabitlik və sülh tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir.
Torpaqlarımızın və hava məkanımızın müdafiəsi üçün bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq. Ölkəmizə qarşı hər hansı düşmən münasibətə cavab vermək hüququmuzun saxlanıldığını xatırladırıq.
Bütün tərəfləri münaqişənin regionda daha da genişlənməsinə səbəb olacaq addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”, - məlumatda vurğulanıb.