Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ətrafında halqa daralmaqdadır. 1 ay əvvəl bir qrup amerikalı senator prezident Donald Trampın şirkətinin Azərbaycanda korrupsiya pozuntusunda şübhəli bilinən və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)ilə bağlılığı olan fəaliyyətinin araşdırılması üçün Birləşmiş Ştatların Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə, Federal Təhqiqatlar Bürosuna müraciəti olub.

RePost.Az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, həmin müraciətlərində senatorlar Şerrod Braun, Dayen Faynstayn və Ben Kardin “Trump Organization” otellərinin inşası ilə bağlı araşdırma aparılmasını tələb ediblər. 

Hazırda Bakıda yerləşən 72 mənzildən və 189 otel otağından ibarət 33 mərtəbəli “Trump Tower”in adı dəyişdirlib. Amma Məmmədovlar elə həmin otel böyüklüyündə problemlə üz-üzədirlər.

Qəzet yazıb ki, Z.Məmmədovun şəxsi təyyarəsini də müsadirə ediblər. Onun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib.

Qəzet iddia edib ki, əgər bu araşdırmalar başlansa, ABŞ Azərbaycandan bir sıra sənəd və dəlillər tələb edəcək. Bu isə Birləşmiş Ştatların Azərbaycana təzyiqlərinin artması ilə müşahidə oluna bilər. Çünki burada söhbət yalnız korrupsiyadan deyil, hətta Trump-Məmmədovlar əməkdaşlığının ABŞ-ın terrorçu təşkilat kimi tanımaq istədiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə gizli əlaqələrinin olmasından gedir. Senatorların müraciətində ABŞ qanunvericiliyinin pozulduğu xüsusi vurğulanır. Belə vəziyyətdə rəsmi Bakı özünü sığortalamaq üçün Z.Məmmədovu və ya onun yaxınları barədə həbs qərarı çıxartmaq məcburiyyətində qalmalı olacaq.

 

 


Baxış sayı: 2212 | Tarix: 06.05.2017
Bizi Telegramda izləyin: @repostaz