Günlərdən 23 iyun…
 
Yayın isti nəfəsindən təntimiş adamlar “Sahil” metrosunun çıxışında ora-bura vurnuxur, hasarların əhatəsində küncə qısılıb qalmış ensiz cığırlardan çıxmağa tələsirlər. Hasarların o üzündəki “insandan azad” yollarda uğultusu qulaq batıran idman avtomobilləri zamanı ötüb keçməyə çalışarkən, hasarların bu üzündə adamlar vaxta uduzur…
 
Vaxtın günorta saat 3-ə hesablanmış tarımı çəkilmək üzrədir. Bu qovhaqovda irəliləyən hər dəqiqə gecikmə təşvişimi, ürək döyüntülərimi artırır. İllərin o tayında qoyub gəldiyim, səssizlik çökmüş hüznlü gecələrimin sükutunu pozan saatın çaqqıltısı indi sanki telefonun əqrəbsiz saatından eşidilir. Saatın dəyişən rəqəmləri Nizami kinoteatrında “Üçüncü günün adamı” filminin təqdimatının artıq başlandığını xəbər verir. Və mən bu dəfə də gec qalıram. O torpaqların bütün adamları kimi.
 
***
 
“Üçüncü günün adamı” filmi kinoteatrın 3-cü zalında nümayiş olunurdu. Həyatımızın çox anlarına əsrar qatan 3 rəqəminin mistikası filmdən əvvəl özünü təqdim edirdi. “Üçüncü günün adamı” filmi… Saat 3-də… 3-cü zalda…
 
Filmə baxış məhdud çərçivədə olsa da, zalın doluluğuna sevindim. Hətta gecikdiyimə görə ilk dəqiqələri ayaqüstü seyr etməyim də narahatlıq yaratmadı. Əksinə, nə gizlədim, içimdə uzun müddətdir, müxtəlif qayğıların altında küllənmiş duyğuların yenidən canlanması qəribə bir məmnuniyyət gətirirdi. Zarafat gəlməsin, yüngül mövzulu, şit-şit epizodların ucuz qəhqəhələrinə hesablanmış, lağlağı filmlərin adamın üstünə gələn afişalarının zəbt etdiyi tamaşaçı məkanında ilin- günün bu vaxtında kimsə birdən-birə Qarabağ mövzusunu yada salır. Güzəran atının yedəyində özünü də unudan bizlərin qarşısına çıxaraq, “Dayanın!” deyir. “Ayaq saxlayın!”, “Özgə torpağa əyilən başınızı qaldırın!”, “Dərdin ağırlığından ətəyinizədək dartıla qalmış çiyninizi düz tutub bu kadrlara baxın!” söyləyir.
                                             ***
Filmə Əfqanıstan müharibəsində iştirak edərək, əfqanlara əsir düşən, geri qayıdandan sonra isə  keçmiş nişanlısının ərini öldürməkdə günahlandırılaraq 17 il məhbəs həyatı sürmüş Sadiqin İntiqamla qatarda tanış olduğu epizoddan  baxası oldum.
 
Filmin məzmun və süjet xəttinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərə – doğma torpaqlarına gedərkən girov götürülməsi hadisəsindən qaynaqlandığından xəbərdar olduğumdan, baxdığım ilk dəqiqələrdən bədiiliklə reallıq arasında oxşarlıq axtarışına başlamışdım. Bu müqayisələrimdə torpağından didərgin düşmüş, hər gecə yuxusunda o yerləri hissə-hissə görən biri kimi öz duyğularımın  paralelliyi də vardı.
 
Sadiqlə İntiqam cəbhənin təmas xəttini keçib kəndlərinə getməyə müvəffəq olurlar. Obrazların gedib çatdığı hədəf bu məqamda filmin rejissorunun, ssenari müəllifinin ortaya qoyduğu nəticədən daha aydındır. Çünki filmin yaradıcılarının torpaqlara qayıdış mesajını çatdırmağa hansı səviyyədə nail olduqlarını söyləmək çətin gəlir. Əslində, ekran işinə azdan-çoxdan bələd olan telejurnalist, çoxsaylı sənədli filmlərin müəllifi, müharibə ağrı-acılarını yaşamış o yerlərin adamı, nəhayət, sıravi tamaşaçı kimi filmdə ayrı-ayrı kadrlardan tutmuş, aktyor oyununa, müharibə və yurd həsrətinin sözlərlə, hisslərlə, təsvirlərlə ifadəsinə, duyumuna qədər onlarla nöqsan sadalaya bilərəm.
 
Amma Spinoza deyirdi, “mən heç vaxt ondan başlamamışam ki, nəyəsə gülüm, kədərlənim və ya məzələnim, ondan başlamışam ki, başa düşüm”. Mən də Spinozasayağı filmin müxtəlif epizodlarına nə haqq qazandırmaq, nə də onlardakı qüsurları qınamaq fikrindəyəm. Bütün bunları kinoşünasların öhdəsinə buraxaraq, filmi, sadəcə, başa düşməyə çalışıram. Zəif cəhətlərini göstərib onu urvatsız etmək yox, baxdıqlarımın güclü cəhətlərinin nələrdə olduğunu arayıb tapmaq istəyirəm. Və bu fikirlə də razılaşıram ki, yaxşı film istəyən onu çəkməlidir. Amma kim? Diplomatiyanın və hərbin illərdir öhdəsindən gəlməkdə çətinlik çəkdiyini kim ədəbiyyatda, kinoda uğurla həll edə bilər ki?!
Nə qədər  ürpənti ilə dilimə gətirməkdən çəkinsəm də həqiqətdir: Qarabağa, işğal altındakı o torpaqlara qayıdış  bu günün adamının  ehtiyac və çabalarının önündə gəlmir. Bu günün adamı iri marketlərdə, alış-veriş mərkəzlərində qaynaşır. Gülməkdən uğunub getmək istədiyi filmlər axtarır. Onların seanslarını qaçırmamaq üçün əvvəlcədən onlayn bilet sifariş verir. Bu günün adamı üçün cəbhə xəbərləri adiləşib. Qarabağ danışıqları ilə bağlı  məlumatlar yeni dövrün marketinq hiylələri – adi uduşlu biletlər qədər onu həyəcanlandırmır. Bu günün adamı əslində günün tələbinə uyğun yaşayır. Günün səsi ilə danışır. Günün dəbi ilə geyinir. Günün ehtiraslarının əsirliyində əlləşib-vuruşur. Onun texnoloji dəyişikliklərin sürətinə adaptə olunmuş həyat tərzi var. Bu günün adamı üçün  Qarabağ keçmişin mirası kimi ancaq əl-ayağa dolaşaraq problem yaradan mövzudur. Münaqişənin nizamlanmasına sərf olunan zaman uzandıqca nə yazıq ki, “Qarabağ dərdi”, “işğal olunmuş ərazilər”, “yurd həsrəti” kimi bədii ifadə vasitələri ona pafos obyekti kimi görünür. Vətənpərvərlik hissləri, ovxarını itirmiş bıçaq kimi ancaq çoxsaylı cəhdlərdən sonra nəsə kəsə bilir. Ona görə filmin qayəsi  hər nə qədər yüksək olsa belə yenə də, bu günün adamının çəkələkləri ilə sıldırım qayalara dırmaşıb zirvəyə yüksələ bilmir. 
 
Qarabağ dünənin adamının da işi deyil. Çünki müharibə onun dünyasını elə  dünəndəcə darmadağın edib. Stefan Sveyqin təbirincə desəm, ağıla gələcək bütün fəlakətlərin böyük bir kataloqunu başdan sona qədər qət eləsə də, hələ də son səhifəsinə çata bilməyib. Müharibə bir anın içində onu təkcə evindən-eşiyindən, torpağından yox, xatirələrindən, keçmişindən, ruhundan gilyotin kimi kəsib  məhculluğa tullayıb. Vətənini, övladını, ərini, qardaşını, ən nəhayət özünü itirib bu insan. Amma itkiləri bununla da bitməyib. Ruhunu belə əldən verib. Oğlunu, qızını kənddən şəhərə ali məktəbə yollayarkən yataqxanada məskunlaşmasını özünə yaraşdırmadığı halda yataqxananın dar hücrələrinə 8-9 nəfərlik ailəsini sığdırmaq üçün bir-birinin saçına-başına, sinəsinə əl atmasını özünə rəva görməyə mübtəla olarkən nəfsini, mənliyini itirib. Şəhəri bürümüş alver cəngində küçə ticarətinə ürcah olmuş qadını həyasını, uşağı məsumluğunu, qocası ağsaqqallığını, ağbirçəkliyini əldən verərkən əzilmiş qürurunun sızıltısından ürəyinin dözümü də qalmayıb daha. Bu o adamdır ki, “el-obadan ayıbdır” dəyərinin ev-eşiyi ilə birgə necə yerlə-yeksan olduğunu bir dəhlizdə açılan 20-25 qapının cırıltısında hər gün iliyinə qədər hiss edir. Sağlam olmadığını anlayır. 6 yaşlı uşağının dərdlə yaşlanmasından səksənir. Uşaqlıq sevincini, qayğızıslığını sığındığı özgə qapısında qıfıllamasına ancaq hönkürə bilir. Mövsüm dəyişəndə, yazın nəfəsi duyulanda  o günlər üçün çox darıxır.  Vətənsiz  keçən günləri üst-üstə qalandıqca, ağrıları da dərinə işləyir.  Ağrı əsla öləzimir. Daha dərinə qol-qanad atır. Çünki  anlayır kı, ötən hər gün onları o torpaqla bağlayan bağları qırır. Bu bağlar bir-bir dünyadan köçən həmyerlilərinin itkisi ilə qırıq-qırıq olur. O insanların sayı azaldıqca o yerlərin xatirləri də öləziyib gedir. O torpaqdan xəbərsiz doğulanlar o torpaqlardan xəbərsiz də yaşlanır. Belə vəziyyətdə dünyaya gələn hər uşaq onun üçün bir qorxudur. Doğma torpağın bu uşaqla yadlaşmaq qorxusu. Beləcə dünənin adamı azalan sayında keçmişi ilə vidalaşmaqdadır.
 
Bəs üçüncü günün adamı necə, qaçqınlığı qayıdışa çevirmək əzmindədirmi? Bəlkə dünəndən bu günə itirdiyimiz zamanda o yerlərə bizi aparacaq cığırları  örtmüş kol-kos arasından bir iz tapa bilməyəcək? Yaxud biz o günə daha çox gec qalmamışıqmı?  Mənim üçün “ Üçüncü günün adamı” filmi bütün əyər-əskiklərinə rəğmən, bax bu sualları özümüzə ünvanlamaq imkanı yaratdığına görə təqdir olunmalıdır. Bu filmin mesajını başa düşməyə çalışarkən  bir sıra mətləbləri anlamalı oldum. Əslində, üçüncü günün adamı olmağa xeyli əvvəl can atılıb.  Lakin dərdin təzəliyi, acılarımızın dəhşəti, düşmənə nifrət hissindən qan çanağına dönmüş gözlərimizlə bu həqiqəti aydın görə bilməmişik.
Titrlərdə  filmin musiqisinin bəstəkar Firudin Allahverdiyə məxsus olduğunu gördüm. Bu, vaxtilə Ermənistana gedib “Sarı gəlin”i ifa etdiyinə görə onu sərt tənqimdə yanıldığımı gec də olsa, anlatdı. Əslində, Firudin də, müharibə ədəbiyyatına “Quqark” kimi bir roman bağışlayan Seymur Baycan da haqlı idilər. Onlar o yerlərə qayıdışın yoluna bizdən daha tez düşmüşdülər. Lakin biz məlum səbəblərdən o zaman bunları anlamırdıq. Sonra ünlü musiqi xadimlərimiz Polad Bülbüloğlu, Fərhad  Bədəlbəyli, yazıçı Kamal Abdulla xalq diplomatiyası adı altında bu missiyanı davam etdirsələr də, qayıdışımız sadəcə cəhd çərçivəsində qaldı. Üçüncü cəhd, “Üçüncü günün adamı” olmaqsa müəyyən qədər Şahbaz və Dilqəmə müyəssər oldu.  Lakin məqsədi məzar ziyarəti olan bir səfər cinayət aktı, onu özündə cəsarət taparaq gerçəkləşdirənlərsə diversant, qatil  damğası ilə yarğılandılar. Özləri insanları torpaqlarından, xatirələrindən məhrum edərək dünyanın ən böyük cinayətini törədən ermənilər 21 illik torpaq həsrətinə dözməyib dədə-baba yurdunun xarabalıqlarına ayaq basan  bu insanları cani kimi məhkəməyə çıxardılar. Bütün bu həngamələrdə görünən həqiqət  isə o oldu ki, insanlar 20 ildən artıq gözləməkdən təngə gəliblər. Və bu yorğunluq həmsədrlərin saysız-hesabsız gəlişləri ilə, başın altına qoyulmuş yastığın ora-burasını düzəltməklə, danışıqlar laylası ilə çıxan deyil. Ona görə Dilqəm, Şahbaz və elə filmin qəhrəmanları Sadiqlə İntiqam da  20 ildə ABŞ, Rusiya və Fransanın bacarmadığını etdi. Sübuta yetirdi ki, insanın öz torpağına getməsi yaşamaq hüququ və azadlığıdır.  Bu azadlıq işğalçılıq maraqı ilə toqquşursa, onda hüququn, haqqın adilliyini qorumaq öhdəliyini götürən zəhmət çəkib ayağa qalxmalıdır. Əks halda, biz müsibətlərimizi taleyimizin sapına düzülmüş təsbeh daşları kimi oturub saymalı deyilik. Anamın dağılmış məzarını ziyarət etmək Dilqəm, Şahbaz, Sadiq və İntiqam kimi mənim də haqqımdır. Mən  ücüncü günə gecikən  adam olsam da,  zənnimcə “ Üçüncü günün adamı” filmi bu haqqı bizə xatırladaraq, həmin günün adamını dağın döşündə skripka çalan Mərcan kimi gözlədiyini söyləmiş oldu. Özü də bu adam haqqına doğru gizli yollarla yürüməyəcək. Məncə, filmin pıçıldadığı bu mesaj Mərcanın atdığı güllə kimi siyirib kecməyəcək, düz hədəfə dəyəcək.
 
Zəminə Əliyeva
RePost.Az

Baxış sayı: 3067 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz