Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
 
RePost.Az xəbər verir ki,   Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr aparılıb.
 
Dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.
 
R. Tillerson isə qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
 
Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.
 
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.
 
Söhbət zamanı, həmçinin ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 10.07.2017
Bizi Telegramda izləyin: @repostaz