Macarıstanın Tempus Fondu 40 azərbaycanlı tələbənin təhsil haqlarını ödəməkdən imtina edib.
 
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Azər Sarıoğlu Facebook sosial şəbəkəsində məlumat yayıb. O qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı müvafiq anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib. 
Həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmiş olub: "Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətlənib. Həmin 40 uşaq da qalıb ortalıqda. Ağzılarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi heç bir kömək etmək iqtidarında deyil. Nazirlik məktub yazsa da saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir". 
 
RePost.Az

Baxış sayı: 3523 | Tarix: 08.08.2017
Bizi Telegramda izləyin: @repostaz