Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən problem yaşanıb. Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, Bakının Xətai, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı, Binəqədi rayonlarında, o cümlədən Sumqayıtda işıqlar sönüb. Həmçinin bəzi rayonların — Xaçmaz, Zərdab, Cəlilabad, Göyçay sakinləri də elektrik enerjisinin verilişinin dayandığını bildiriblər.
 
"Azərişıq" ASC-dən bildiriblər ki, hələlik dəqiq səbəb bilinmir, tezliklə araşdırılacaq və ətraflı məlumat veriləcək.
 
Azəreneridən bildirilib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik enerjisi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
 
Qeyd edək ki, iyul ayının 2-də, gecə radələrində Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş və yanğın baş vermişdi. Baş vermiş qəfil qəza nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı. Yanğın söndürüldükdən və partlayışın nəticələri aradan qaldırıldıqdan sonra elektirk enerjisinin verilişi təmin edilmişdi. 
 
Qəzanın fəsadları aradan qaldırılana qədər ölkəni qonşu dövlətlər — Gürcüstan və Rusiya elektrik enerjisi ilə təmin etmişdi. 
 
Bakı və Gəncə şəhərləri də daxil olmaqla, 39 şəhər və rayonunun elektrik enerjisinin kəsilməsinə səbəb olmuş qəzanın araşdırılması ilə bağlı, Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Komissiyası yaradılmışdı.
 
Komissiya hazırda da araşdırma aparır, ölkənin enerji sistemindəki probelmlərin aradan qaldırılması ilə bağlı bir sıra işlər həyata keçirilir. 
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 12.07.2018
Bizi Telegramda izləyin: @repostaz