Azərbaycanda 1,2 milyon əhalinin yaşadığı 576 yaşayış məntəqəsinin sel riski altında olması müəyyən edilib.
 
Bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.
 
Selin Azərbaycanda geniş yayılan və getdikcə intensiv xarakter alan təbii fəlakətlərdən biri olduğunu nəzərə çatdıran N.Paşayev əlavə edib ki, gursulu çayların hövzələrində antropogen yüklənmə və əhalinin ətraf mühitə qarşı müdaxiləsi 1990-cı illə müqayisədə 3-4 dəfə artığından Azərbaycan Qafqazda yenə də ən çox sel təhlükəsi olan ərazilərdən biri kimi qalır:
 
“Bütün bunlarla yanaşı, indiyə qədər Azərbaycanda bu təbii fəlakətin formalaşmasına qarşı kompleks mübarizə tədbirləri aparılmayıb. Selə qarşı aparılan mübarizə tədbirləri əsasən, sel təhlükəsi olan çaylarda betondan sahil-qoruyucu dambaların tikilməsi olub”.
 
Mütəxəssis əlavə edib ki, hazırda Azərbaycanda 150 gursulu çayın 67-sinin daha çox riskli olduğunu nəzərə alıb Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarəti altında ilkin mərhələdə əsasən, Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası, sonrakı mərhələdə Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonlarının ərazisni əhatə edən, sel təhlükəsini xəbər verən 4 avtomatik xəbərdarlıq sisteminin yaradılması vacibdir.
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 09.01.2019
Bizi Telegramda izləyin: @repostaz