Azərbaycan uzun illərdir ki, Ermənistan və onun tərəfdarları ilə informasiya müharibəsi aparır. Belə təəssürat yaranır ki, bu illər ərzində erməni təbliğatı nəinki “qədim qonşularımıza rəğbət bəsləyənləri”, həm də Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistana məxsus olması, qondarma “erməni soyqırımı”nın mövcud olması barədə yalanların və digər dezinformasiyanın təsiri altına düşmüş bitərəf şərhçiləri də özünün haqlı olduğuna inandıra bilib. Lakin Azərbaycan rəhbərliyinin fəaliyyəti, müxtəlif hökumət layihələrinin həyata keçirilməsi, Azərbaycan diplomatlarının səyləri, habelə Azərbaycan diasporunun bütün dünyada apardığı fəal iş sayəsində son illərdə vəziyyət əsaslı surətdə dəyişməyə başlayıb. Əgər bir vaxtlar hər hansı ermənipərəst ictimai xadim tribunaya çıxıb Azərbaycan, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında yalan məlumatı rahat şəkildə yaya bilirdisə, indi daha belə imkan yoxdur və yalançıların çoxu bu və ya digər tədbirdə azərbaycanlıların sərt reaksiyası ilə üzləşir.

Əslən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan Arzu Məmmədova da xalqımızın məhz belə erməni təbliğatını ifşa edən gənc elçilərindən biridir.

Arzu Kaliforniya ştatında tanınmış rusiyalı jurnalist Vladimir Poznerin iştirakı ilə keçirilən tədbirdə şərh və sualla çıxış edərək ermənipərəst Pozneri sözün həqiqi mənasında çıxılmaz vəziyyətə salıb. Arzu bildirib ki, əslən Qarabağdandır. O, Azərbaycanı auditoriyaya tanıtmaq üçün deyib ki, ölkəmizdə bir çox xalqların və dini icmaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır və burada heç vaxt ayrı-seçkilik, o cümlədən yəhudilərə münasibətdə ayrı-seçkilik olmayıb. Dağlıq Qarabağ beynəlxalq miqyasda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi kimi tanınıb. O deyib ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad edilməsinə dair tələblər var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımır. Azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda yanaşı yaşayıblar. Bakının mərkəzindəki erməni kilsəsi indiyədək toxunulmamış qalır. Azərbaycan ərazilərini işğal etmiş Ermənistan etnik təmizləmə və Suriyadan erməni mənşəli qaçqınların işğal edilmiş ərazilərə köçürülməsi yolu ilə demoqrafiyanın dəyişdirilməsi prosesini davam etdirir. Qarabağ haqqında ətraflı və dürüst məlumat verilməsinin nə ilə nəticələnəcəyini başa düşən Pozner bir neçə dəfə Arzunun sözünü kəsməyə cəhd göstərərək, ondan öz sualını verməyi tələb edib.

Arzu Məmmədova deyib ki, beynəlxalq miqyasda qəbul edilmiş belə bir fakt var: jurnalistlər, xüsusən də Vladimir Pozner səviyyəli jurnalistlər öz sözlərində və mövqeyində qərəzsiz olmalıdırlar. “Ermənistanı dəstəkləməklə, qadınların və uşaqların qatillərini alqışlamaqla, siz, məcburi köçkün vəziyyətinə düşmüş minlərlə azərbaycanlının, o cümlədən mənim və ailəmin hüquqlarını tapdalayırsınız”, - deyən Arzu söz azadlığı ilə qərəzli fikirlər arasındakı sərhədi izah etməyi Poznerdən xahiş edib.

Buna cavab olaraq söz azadlığı haqqında cəfəng fikirlər söyləyən Pozner bildirib ki, Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyəcək, çünki “auditoriyadakıların çoxu” bu məsələyə maraq göstərmir, yaxud Dağlıq Qarabağın harada yerləşdiyini bilmir. Pozner öz yalanına o qədər aludə olub ki, hətta Dağlıq Qarabağı “Ermənistanın rəsmən tanınmış ərazisi” adlandırıb. Arzu dərhal onun sözünü ağzında qoyaraq vurğulayıb ki, Dağlıq Qarabağ rəsmən tanınmış Azərbaycan ərazisidir.

Cənab Poznerin beynəlxalq hüquqdan əsla başı çıxmır, yaxud o, beynəlxalq hüququn mövcud olması faktını tanımaqdan imtina edir. O unudub ki, erməni və Azərbaycan tərəfləri münaqişənin tarixini öz istədikləri kimi şərh edə bilərlər, lakin beynəlxalq hüquq bu məsələdə üçüncü tərəf kimi, qeyd-şərtsiz təsdiq edir ki, Dağlıq Qarabağ de-yure Azərbaycanın tərkib hissəsidir, heç bir dövlət, heç bir beynəlxalq təşkilat işğal edilmiş Qarabağın müstəqilliyini, onun Ermənistanın tərkib hissəsi olduğunu tanımır. Bir çox ölkələrin hökumətləri hətta öz mövqelərini xarici siyasət idarələrinin saytlarında ifadə edərək bildiriblər ki, Xankəndində oyuncaq rejimi tanımırlar. Onlar öz vətəndaşlarına müraciət edərək, onları Dağlıq Qarabağa getməməyə çağırıblar.

Nikol Paşinyanın yedəyində gedən Pozner bəlkə də bu yaxınlarda Dağlıq Qarabağda olarkən Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edən bu “böyük” erməni populistinin sözlərini təkrarlamaq istəyib. Məlumdur ki, Poznerin özü bu yaxınlarda Ermənistana gedib və bu ölkənin ictimai televiziyasına müsahibəsində təəssüflə bildirib ki, vaxt tapıb Dağlıq Qarabağa gedə bilməyib.

O bildirib ki, Ermənistana və ermənilərə böyük rəğbət bəsləyir, onları çox ağıllı hesab edir, onu ermənilərin çətin şəraitdə yaşayıb salamat qalmaq kimi unikal bacarığı cəlb edir. Daha sonra deyib ki, Dağlıq Qarabağda olmadığına təəssüflənir və böyük məmnuniyyətlə ora gedərdi, lakin macalı olmayıb. O deyib ki, ora “öz mövqeyini ifadə etmək üçün getmək istərdi. Qoy hamı, o cümlədən cənab azərbaycanlılar başa düşsünlər ki, onun ürəyi o tərəfdə deyil, bu tərəfdədir”.

Görünür, 20 mindən çox azərbaycanlının ermənilərin əlindən həlak olmasının, onun belə rəğbət bəslədiyi erməni xuntasının Xocalı, Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda dinc azərbaycanlıların qırılmasında günahkar olmasının onun üçün heç bir fərqi yoxdur. Görünür, 700 mindən çox azərbaycanlının, o cümlədən Arzu Məmmədovanın ailəsinin öz dədə-baba yurdlarından vəhşicəsinə qovulmasının da onun üçün heç bir fərqi yoxdur.

Pozner və onun kimilər “erməni miatsumu” uğrunda mübarizələrini davam etdirə bilərlər, lakin yadda saxlamalıdırlar ki, Arzu Məmmədova kimi cəsur azərbaycanlıların sıraları getdikcə daha da genişlənəcək və Pozner kimi saxtakar jurnalistlərin yalanları hər addımbaşı ifşa olunacaq.

VİDEO BURADA


Baxış sayı: 2896 | Tarix: 28.10.2019
Bizi Telegramda izləyin: @repostaz